Xarici İşlər Nazirliyi Brüsseldə keçirilmiş üçtərəfli görüşü şərh edib.
Mayın 14-də prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə görüşüb. Belçika paytaxtındakı görüşdən sonra jurnalistlərə açıqlama verən Şarl Mişel deyib ki, İlham Əliyevlə Nikol Paşinyanı iyunun 1-i Moldovanın paytaxtı Kişinyovda (Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində) da bir araya gətirməyi planlaşdırır. Həmin görüşə Fransa prezidenti Emmanuel Makronla Almaniya kansleri Olaf Şolts da qatıla bilər.
İyul ayında Brüsseldə, oktyabr ayında İspaniyanın Qranada şəhərində (Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində) də görüşlər gözlənir.
İlham Əliyev və Nikol Paşinyan Şarl Mişelin vasitəçiliyi ilə daha əvvəl beş dəfə görüşüblər – 2021-ci il dekabrın 14-ü, 2022-ci il aprelin 6-sı, mayın 22-si, avqustun 31-i Brüsseldə, oktyabrın 6-sı Çexiyanın paytaxtı Praqada.
Xarici İşlər Nazirliyi bildirir ki, 14 may 2023-cü il görüşü Azərbaycanla Ermənistan arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlüdür: “Görüş zamanı Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycanın mövqeyi bir daha diqqətə çatdırılıb. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü Ermənistanın da qəbul etməsi müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik. Bu istiqamətdə tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.