Mayın 14-ü Belçikanın paytaxtı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gəlib. Dörd saatdan çox çəkən görüşə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də qatılıb.
AZƏRTAC xəbər verir ki, bundan əvvəl İlham Əliyev Şarl Mişellə təkbətək görüşüb. Söhbət zamanı son aylar Azərbaycan-Ermənistan münasibətləri fonunda baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə üçtərəfli görüşün gündəliyi müzakirə olunub.
Üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlama verən Şarl Mişel deyib ki, İlham Əliyevlə Nikol Paşinyanın iyunun 1-i Moldovanın paytaxtı Kişinyovda, Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində də bir araya gəlməsi gözlənir. Həmin görüşdə Şarl Mişelin, Fransa prezidenti Emmanuel Makronla Almaniya kansleri Olaf Şoltsun da iştirak edəcəyi bildirilir.
Başqa bir görüşün iyul ayında yenə Brüsseldə keçirilməsi razılaşdırılıb.
Avropa İttifaqı Şurası sədrinin sözlərinə görə, liderlər Ermənistanın 29,8 min kvadrat kilometr və Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq ediblər.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan 1-4 mayda ABŞ-da danışıqlar aparıblar. Görüşlərdə sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edilib.