Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Polşanın paytaxtı Varşavada müalicəsinə imkan yaradılması istəyi yer alan müraciətini təmin etməyib. Novator.az bildirir ki, qərar mayın 12-də qəbul olunub.
Tbilisi Şəhər Məhkəməsi fevralın 6-da sabiq prezidentin səhhətinə görə həbsdən buraxılması barədə vəsatəti təmin etməmiş, Apellyasiya Məhkəməsi martın 2-də həmin qərarı qüvvədə saxlamış, bundan sonra Mixail Saakaşvili Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmuşdu.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur.
1967-ci il təvəllüdlü Mixail Saakaşvili 2004-2013-cü illərdə prezident postunu tutub. O, 2013-cü ildə ölkəsini tərk edib, 2015-ci ildən Ukraynada yaşayaraq vətəndaşlıq alıb, həmin il Gürcüstan vətəndaşlığından məhrum edilib.
Sabiq prezident Gürcüstanda müxtəlif cinayət işləri üzrə qiyabi məsuliyyətə cəlb olunub. 2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi ona 3 il, iyunun 28-də 6 il müddətinə azadlıqdan məhrumetmə cəzaları kəsib.
2021-ci ilədək Tbilisi Şəhər Məhkəməsinin icraatında daha iki cinayət işi olub.
2021-ci il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib.
Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürüb. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb. Bu iş də Tbilisi Şəhər Məhkəməsinin icraatına verilib.
Tutulduğu gündən aclıq aksiyası keçirən sabiq prezident noyabrın 8-də Xüsusi Penitensiar Xidmətin Tbilisidəki müalicə müəssisələrindən birinə köçürülüb. Noyabrın 20-də Müdafiə Nazirliyinin Qoridəki hərbi hospitalına aparılan sabiq prezident həmin gün aclığı dayandırıb və orada müalicə alıb, dekabrın 30-da Rustavi həbsxanasına qaytarılıb.
Sabiq prezident 2022-ci il fevralın 21-dən martın 10-dək Rustavi həbsxanasında bir daha aclıq aksiyası keçirərək gərəkli tibbi yardım göstərilməsi tələbi qoyub.
Mayın 12-də Mixail Saakaşvili Tbilisidəki “Vivamedi” Tibb Mərkəzinə köçürülüb. Yaxınları, tərəfdarları və vəkilləri onun azadlığa buraxılmasını, xaricdə müalicə olunmasına şərait yaradılmasını tələb edirlər.
Gürcüstan hökuməti Mixail Saakaşvilinin azadlığa buraxılmasına qarşı çıxır.
Parlament respublikası olan Gürcüstanda hökuməti qanunverici orqanda çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gələrək hökumət qurub.