Avropa İttifaqının məlumatına görə, mayın 14-ü Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gələcək, görüşə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də qatılacaq.
Başqa bir rəsmi açıqlamaya əsasən, İlham Əliyev və Nikol Paşinyan iyunun 1-i Kişinyovda da görüşəcəklər. Avropa Siyasi Birliyinin toplantısına qatılan Fransa prezidenti Emmanuel Makronla Almaniya kansleri Olaf Şoltsun da həmin görüşdə iştirak edəcəyi bildirilir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin 11 may açıqlamasına görə, Bakı Brüssel görüşünə razılıq verib, Kişinyov görüşündə də iştirakının mümkün olduğunu bildirib, ancaq iştiraka dair yekun razılıq hələlik mövcud deyil.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
İlham Əliyev və Nikol Paşinyan 2021-ci il dekabrın 14-ü, 2022-ci il aprelin 6-sı, mayın 22-si, avqustun 31-i Brüsseldə, oktyabrın 6-sı Praqada Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.