İqtisadçı Rövşən Ağayev Azərbaycanın qeyri-neft ixracı statistikasına nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspert Bakuresearchinstitute.org saytında dərc olunan məqaləsində yazır ki, Azərbaycan hökuməti 2016-cı ildə açıqladığı iqtisadi inkişaf planında 2025-ci ilədək adambaşına düşən qeyri neft-qaz ixracını 450 dollara çatdırmağı hədəf qoyub: “2020-ci ildən qlobal pandemiya, 2022-ci ildən Rusiya-Ukrayna müharibəsi nəticəsində dünyanın təchizat zəncirində pozulmalar, istehsalda kəskin enmələr və son 40 ildə görünməmiş inflyasiya Azərbaycanın işinə yaradı. Bir tərəfdən qlobal bazarlarda məhsul qıtlığı Azərbaycanın bəzi qeyri-neft əmtəələrinə, xüsusən kimya və metallurgiya sənayesi məhsullarına tələbat yaratdı, digər tərəfdən qlobal inflyasiya ixracın dəyərini kəskin artırdı.
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ildə qeyri-neft ixracatının 14 faizlik artımının 9 faizlik hissəsi məhz qiymət artımı sayəsində mümkün olub. Real artım 5 faiz ətrafında göstərilib. Heyvan mənşəli mallar üzrə qiymət artımı 18 faiz, hazır qida məhsulları üzrə 24 faiz, toxuculuq məmulatları üzrə 16 faiz təşkil edib.
Başqa bir fakt: 2015-2020-ci illərdə qeyri-neft ixracının həcmi 15 faiz (245 milyon dollar) artdığı halda 2020-2022-ci illərdə bu artım 1,2 milyard dollar (65 faiz) olub. Şübhəsiz, 65 faizlik artım yalnız qiymət amili ilə bağlı deyil, bu artımda qiymət amilinin payı 40 faiz ətrafındadır.
Qeyri-neft sektorunun inkişafı, buna vəsilə olmaq üçün qeyri-neft ixracının genişləndirilməsinin məqsədi iqtisadiyyatı resurs asılılığından qurtarmaqdır. Təbii resurslardan yüksək asılılıq iqtisadi sabitliyə daimi təhdiddir. Qlobal bazarlar yüksək dəyişkənliyə malikdir və son 20 ildə xam neftin qiymətində kəskin dalğalanmalar da bunu aydın göstərir.
Qeyri-neft ixracatının təbii resurslara bağlı olmasının təhlükəli tərəfi odur ki, xammal birjalarındakı qiymətdən asılı olaraq ixracın həcmində də volatillik hökm sürür. Məsələn, bu ilin ilk rübündə Azərbaycandan karbamidin hər tonunun ixrac dəyərində 2022-ci ilin eyni dövrünə nisbətən 2,5 dəfəyə yaxın azalma qeydə alınıb.
2020-2022-ci illərdə qeyri-neft ixracının 1,2 milyard dollarlıq artımında təbii resurs xammalına əsaslanan, lakin statistikada qeyri-neft sektoruna aid edilən məhsulların payı 25 faiz (təxminən 320 milyon dollar) təşkil edib. Söhbət qızıl və neft-qazın əsas xammal kimi çıxış etdiyi məhsullardan (karbamid, polietilen və elektrik enerjisi) gedir. 2020-ci ildə təkcə bu növ əmtəənin ixrac həcmi 327 milyon dollar idisə, 2022-ci ildə 608 milyon dollara yüksəlib. 2020-ci ildə bütün qeyri-neft ixracının cəmi 15 faizi bu məhsulların payına düşürdüsə, 2022-ci ildə həmin göstərici 20 faizə qalxıb.
Bu tendensiyanın 2023-cü ildə daha da gücləndiyi müşahidə edilir. 3 aylıq gömrük statistikasına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracı 185 milyon dollar artıb. Bu artımda elektrik enerjisi ixracının 248 milyon dollarlıq artımı həlledici olub. Eyni dövrdə ölkədə elektrik enerjisi istehsalının 97 faizə qədəri məhz təbii qaz hesabına təmin edilib. Qeyri-yanacaq mənbələrinin elektrik istehsalında payı 3 faiz ətrafındadır. Həmin dövrdə meyvə-tərəvəz ixracı 10 milyon dollar, pambıq ixracı 44 milyon dollar azalıb.
Qeyri-neft ixracı potensialı böyümədən Azərbaycanda dayanıqlı iqtisadi artımı da təmin etmək mümkün olmayacaq. Çünki neft hasilatı sürətlə azalır, təbii qaz hasilatı isə bu daralmanı kompensasiya edə bilmir. Deməli, artıq təbii resurslar hesabına iqtisadi böyümə imkanı itirilib. Məsələn, 2022-ci ildə neft sektorunda 2,7 faiz geriləmə qeydə alınıb. Bu, qaz hasilatının 6,6 faiz artmasına baxmayaraq xam neft istehsalının 5,5 faiz azalması fonunda baş verdi. Oxşar tendensiya 2023-cü ildə də müşahidə edilir. İlk rübün yekunlarına görə, neft sektorunda 4 faizə yaxın kiçilmə qeydə alınıb: yenə də oxşar vəziyyət – xam neft hasilatı 7,5 faiz azalıb, təbii qaz istehsalı 3 faiz artıb. Azərbaycan hökumətinin proqnozlarına görə, yaxın 5 ildə neft hasilatındakı azalma dayanmayacaq.
Belə şəraitdə qeyri-neft sektoru iqtisadi artımın hərəkətverici qüvvəsi kimi öz potensialını saxlaya bilməlidir. Bu potensial dayanıqlı olmayan qeyri-ticari sahələr (turizm, tikinti) hesabına yox, ixrac hesabına dayanıqlı böyümək imkanı olan emal sənayesi hesabına formalaşdırılmalıdır. Lakin 2023-cü ilin ilk rübündə qeyri-neft sektorunda qeydə alınan 4,9 faizlik iqtisadi böyümənin dörddə üçü turizm, tikinti və ticarətlə bağlıdır və bu artıma emal sənayesinin töhfəsi minimum səviyyədədir. Xüsusilə də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti hələlik qeyri-neft sektorunda artımın hərəkətverici qüvvəsi olaraq qalır. Həmin ərazilərdə tikinti bumunun ömrü bundan sonra maksimum 5 il davam edə bilər. Çünki nəhəng investisiyalar tələb edən infrastruktur layihələrinin əsasən bu zaman intervalında bitəcəyi gözlənir.
Problemlərdən biri də qeyri-neft sektorunda ixracın aşağı əlavə dəyərə malik məhsullar, xammal və aralıq məhsullar üzərində formalaşmasıdır”.