AXCP sədri Əli Kərimli jurnalist Aytən Məmmədovaya soyuq silahla hücumdan bir il ötdüyünü xatırladıb.
Aytən Məmmədova 2022-ci il mayın 8-i gecə paytaxtın 9-cu mikrorayonunda, yaşadığı binanın blokunda hücuma məruz qalıb. Orta yaşlı kişi liftdə bıçağı onun boğazına dirəyərək hədələyib, adını çəkmədiyi məhkəmə işindən yazmamaq tələbi qoyub. Bakı Şəhər Baş Polis İdarəsi olayı Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) araşdırır.
Hücuma məruz qalandan sonra jurnalist hadisədən təxminən 20 gün əvvəl ev telefonuna zəng vuran bir şəxsin onu hədələdiyini bəyan edib.
Araşdırıcı jurnalist kimi tanınan Aytən Məmmədova Nərmin Quliyevanın öldürülməsi ilə bağlı cinayət işindən yazılarına görə qəzəbə tuş gəldiyini düşünür. Bu cinayətə görə tutulan İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. 2023-cü il mayın 3-də dövlət ittihamçısı ona 20 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.
10 yaşlı Nərmin Quliyeva 2019-ci il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb. 1973-cü il təvəllüdlü İlkin Süleymanov Dondar Quşçu kəndinin sakinidir. O, məhkəmədə Nərmin Quliyevanın ölümünə aidiyyəti olmadığını deyib, qeyd edib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün ittihamı etiraf ifadəsinə imza atıb. Hüquq müdafiəçiləri İlkin Süleymanovun günahının sübut edilmədiyini bildirir və günahkarların başqa şəxslər olduğu qənaətindədir.
Novator.az-ın məlumatına görə, Əli Kərimli yazır: “Belə görünür ki, Aytən Məmmədovanın boğazına bıçaq çəkib hədələmə cinayətini ört-basdır edib batırdılar. Cinayətkarlar əllərini-qollarını sallayıb gəzirlər. Güclü himayədarı olmayan cinayətkar tanınmış jurnalistə bıçaq çəkməyə cəsarət etməzdi. Adi cinayətkarın jurnalistlə bir işi olmaz. İctimaiyyət olaraq Aytən xanımın həyatı ilə təhdid olunması cinayətini unutmadığımızı, cinayətkarların cəzalandırılmasını tələb etdiyimizi ifadə etməliyik”.