Finlandiyanın məşhur “Helsingin Sanomat” (“Helsinki xəbərləri”) gündəlik qəzeti Kremlin Ukrayna müharibəsi haqda həqiqətləri Rusiya cəmiyyətindən gizlətmək üçün tətbiq etdiyi senzuranı aşmağın özünəməxsus yolunu tapıb.
Novator.az xatırladır ki, 2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkəyə qarşı total müharibə aparır. Müharibə başlanandan Rusiyada media üzərində dövlət nəzarəti gücləndirilib, yerli və xarici jurnalistlərin, redaksiyaların fəaliyyətinə çoxsaylı məhdudiyyətlər tətbiq edilib. Bir sıra kütləvi informasiya vasitəsinin yayımı ya birbaşa hökumətin qərarı ilə, ya da məhdudiyyətlərin doğurduğu çətinliklər ucbatından dayanıb. Kreml ölkədə mətbuat azadlığını boğmaqla yanaşı rusiyalıların xüsusilə Ukrayna müharibəsi haqda həqiqətləri geniş işıqlandıran xarici media platformalarına çıxışını da əngəlləyib.
“Helsingin Sanomat”ın redaksiyası Moskvanın senzura və saxta məlumatlarını dəf etmək, rusiyalıları gerçək vəziyyət haqda bilgiləndirmək üçün 2022-ci ildən Ukrayna və Rusiya ilə bağlı materiallarının bir qismini qəzetin internet səhifəsində rus dilində də yerləşdirməyə başlayıb. Ancaq Rusiya hakimiyyəti dərhal ölkə ərazisində “Helsingin Sanomat”ın saytına girişi bloklayıb.
ABŞ-ın “Reuters” agentliyi xəbər verir ki, qəzetin redaksiyası bu məhdudiyyəti də aşmaq məqsədilə orijinal üsula əl atıb. Redaksiya “Counter-Strike” kompüter oyununun (bu, əsasən virtual silahlı döyüş səhnələrindən ibarət oyun platformasıdır) istifadəçiləri üçün bir xəritə hazırlayıb. Belə qələmə verilib ki, bu, müharibə nəticəsində dağıdılmış bir slavyan şəhərinin xəritəsidir. Şəhərə “de_voyna” adı qoyulub. “Voyna” rus dilində müharibə deməkdir. Rusiya hakimiyyəti Ukraynaya hərbi təcavüzünü müharibə yox, xüsusi hərbi əməliyyat adlandırır. Ukraynaya hücumu müharibə adlandıran insanların cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasını nəzərdə tutan qanun da qəbul edilib. Beləliklə, “Helsingin Sanomat” qəzetinin “de_voyna” oyununun adında da Kreml senzurası ilə mübarizə elementi var. Oyunun əsl mahiyyəti isə xəritədəki sirli otağa daxil olanda açılır. Oyunçu bu otağa girəndə onun qarşısına “Helsingin Sanomat” qəzetinin Rusiya-Ukrayna müharibəsinin dəhşətlərini əks etdirən yazıları, redaksiya əməkdaşlarının Ukraynanın viran olmuş şəhərlərindən çəkdiyi fotoşəkillər çıxır.
Qəzetin baş redaktoru Antero Mukka “Reuters”ə deyib ki, redaksiya bu metodla rusiyalı gəncləri Ukrayna müharibəsinin gerçəklikləri haqda məlumatlandıra biləcəyinə ümid edir. Məsələ bundadır ki, dünyanın ən məşhur 10 kompüter oyunundan biri olan “Counter-Strike” rusiyalı gənclər arasında da çox populyardır. Sirli otaqda yerləşdirilən yazılar isə həm də rus dilindədir.
Antero Mukka vurğulayıb ki, onlar Rusiyada söz və mətbuat azadlığının hədsiz dərəcədə boğulmasından narahatdırlar və həqiqətləri, ilk növbədə Ukraynada baş verənləri rusdilli auditoriyaya çatdırmaq üçün daima çıxış yolu axtarırlar: “Bu səbəbdən biz rusiyalıları ən azı Ukraynadakı vəziyyətlə bağlı etibarlı məlumatla təmin etmək üçün “Counter-Strike” oyun platformasından da yararlanmaq qərarına gəlmişik”.
“Counter-Strike” kompüter oyununu ABŞ-ın “Valve” şirkəti 2012-ci ildə işə salıb.
Antero Mukka qəzetin oyun içində oyun qurarkən “Valve” şirkətindən razılıq istəmədiyini söyləyib. Baş redaktor bildirib ki, “Counter-Strike” oyununda istifadəçilərə platformada öz oyunlarını qurmağa, əlavə kontent yaratmağa icazə verilir: “Ona görə də bizim “Valve” şirkətindən razılıq almağımıza ehtiyac olmadı. Əgər Rusiyada hər hansı bir gənc “de_voyna”nın sayəsində bir anlıq da olsa Ukraynada baş verənlər haqda düşünəcəksə, demək, biz bu oyunu boş yerə qurmamışıq”.
Mənbə: Reuters.com