2022-ci ildə Çinin idxal-ixrac əməliyyatları 6 trilyon 310 milyard dollara bərabər olub, bunun 840 milyard dolları Avropa İttifaqı ölkələri, Böyük Britaniya və İsveçrə ilə ticarətin payına düşüb. Novator.az-ın məlumatına görə, statistikaya diqqət çəkən iqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli yazır: “Çinin Avropa ilə ticarət dövriyyəsi maraq doğurur, çünki Azərbaycan yeni infrastruktur layihələri həyata keçirməklə yeni körpü rolunda çıxış etmək istəyir. Çin-Avropa ticarətinin 80 faizə yaxını dəniz nəqliyyatı ilə həyata keçirilir. Avtomobillərlə daşıma quru yolla ümumi daşımanın 1 faizinə də çatmır. Deməli, ildə təxminən 150-160 milyard dollarlıq yükün daşınmasından pay almaqdan söhbət gedir.
Dəmir yolu ilə Çin-Avropa-Çin daşımalarının böyük bir hissəsi Rusiya-Belarus-Polşa marşrutu ilə həyata keçirilir. Amma indi problem var: Qərbin Rusiyaya tətbiq etdiyi kəskin sanksiyalar yüklərin sığortalanmasına da aiddir – getdikcə daha çox şirkət Rusiya üzərindən keçın yüklərin sığortalanmasından imtina edir, bunu riskli sayır. Deməli, alternativ yollara ehtiyac getdikcə artır.
Azərbaycanın yeni logistik mərkəzə çevrilməsi şansı və imkanı var, bunun üçün Zəngəzur yolunun da əhəmiyyəti olacaq, amma özümüzü aldatmayaq, tranzit gəlirlərinin fantastik rəqəmlərlə olacağını bəyan edənlər yanılırlar. Azərbaycandan keçəcək-keçən yolun bir neçə problemi var: bu yol üzərində olan ölkələrin hələ də vahid tranzit rüsumları ilə bağlı anlaşması yoxdur, bu isə yük şirkətlərinə sərfəli deyil; ən böyük maneə Xəzər dənizidir – yüklərin (qatarların, vaqonların) bərələrlə Xəzərdən keçirilməsi əlavə xərc, daşımaların maya dəyərini artıran amildir. Daha bir problem odur ki, bərələr həm də hava şəraitindən asılıdır, küləkli-dalğalı havada dənizə çıxmaq çətin olur.
Bütün bu çətinliklərə, problemlərə rəğmən Azərbaycan dövləti irəli baxmalı, Zəngəzur yolunun açılması ilə bağlı əlindən gələn hər şeyi etməlidir. Bunun böyük tranzit gəlirləri gətirəcəyi mifdir, amma yolun çox böyük siyasi əhəmiyyəti var, o, məmləkətin gələcək geosiyasi yol xəritəsində ciddi rol oynayacaq”.