Hüquq müdafiəçisi, jurnalist Elçin Məmməd azadlığa çıxır: onun adı prezident İlham Əliyevin mayın 8-də imzaladığı əfv sərəncamında yer alır.
Novator.az bildirir ki, 1978-ci il təvəllüdlü Elçin Məmməd 2020-ci il martın 30-da tutulub, xeyli miqdarda ziyan vurmaqla oğurluqda və qanunsuz döyüş sursatı saxlamada təqsirli bilinib, 4 il azadlıqdan məhrumetmə cəzası alıb.
Bəzi yerli və xarici hüquq müdafiəçiləri Elçin Məmmədi siyasi məhbus sayır.
Elçin Məmmədin əfvindən sonra siyasi motivlərlə həbs olunduğu bildirilən jurnalist və bloqçuların siyahısında dörd nəfər qalır.
Jurnalist Polad Aslanov 2019-cu il iyunun 12-də həbs edilib, dövlətə xəyanət ittihamı ilə 13 il azadlıqdan məhrumetmə cəzası alıb.
Jurnalist, ictimai fəal Abid Qafarov 2022-ci il iyulun 13-də böhtan və təhqirdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib.
Bloqçu Aslan Qurbanov 2020-ci il iyulun 14-də tutulub, dövlət əleyhinə yönələn açıq çağırışlarda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bloqçu Rəşad Ramazanov 2022-ci il mayın 20-si tutulub, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinir.
Rəşad Ramazanov eyni ittihamla 9 may 2013-cü ildə tutularaq 9 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il martın 17-də əfv sərəncamı ilə azadlığa çıxıb.