Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Ceyhun Bayramov 1-4 mayda ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlar aparıb: “Nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Vaşinqtonda onlar dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Hazırkı vəziyyətlə bağlı fikirlərini bölüşən nazirlər münasibətlərin normallaşması yönündə mövqelərini bildiriblər. Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edilib, bəzi əsas məsələlər üzrə mövqelərin fərqli qaldığı qəbul olunub. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.