Mayın 4-də Ali Məhkəmə siyasətçi Tofiq Yaqublunun şikayətinə baxıb. Novator.az-a danışan Tofiq Yaqublu deyib ki, şikayət təmin olunmayıb, ölkədən çıxışına yasaq qüvvədə qalıb: “Bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək”.
2022-ci il noyabrın 16-da Suraxanı Rayon Məhkəməsi Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsi barədə müraciətini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsi 2023-cü il yanvarın 10-da qərarı qüvvədə saxlamışdı.
Tofiq Yaqublu ata yurdu Gürcüstana səfər etməyə çalışır. 2022-ci il oktyabrın 30-da onun atası Bakıda vəfat edib, noyabrın 1-i Gürcüstanda dəfn olunub. Şərti məhkumluq çəkdiyi üçün Tofiq Yaqublu dəfnə gedə bilməyib, atasının məzarını ziyarət imkanından da məhrumdur.
2021-ci il iyulun 11-də anası vəfat edəndə ev dustağı olan siyasətçi dəfnə, yasa getməyə razılıq ala bilməyib. Suraxanı Rayon Məhkəməsinə üz tutan Tofiq Yaqublunun müraciəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb. Hazırda iş Avropa İnsan Hüquqları Məhkəməsində araşdırılır.
Tofiq Yaqublu 2022-ci ilin iyun ayında üzərində nəzarətə məsul Bakı Şəhər Probasiya İdarəsinə müraciət edərək anasının ilində iştiraka, məzarını ziyarət eləməyə razılıq istəyib, ancaq yenə yox cavabı alıb.
1961-ci il fevralın 6-da Gürcüstanın Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb və siyasətçi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.