Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın ABŞ görüşləri ətrafında xəfif sükut yaranıb. Novator.az bildirir ki, nazirlər və nümayəndə heyətləri mayın 1-i paytaxt Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə bir araya gəliblər. Ermənistanın Xarici İşlər Nazirliyi bəyan edib ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması, bölgədə təhlükəsizlik məsələləri, Laçın yolunda durum müzakirə olunub.
Azərbaycanın Xarici İşlər Nazirliyi hər hansı bilgi yaymayıb, ABŞ Dövlət Departamentinin rəsmiləri isə görüşlərin bir neçə gün davam edəcəyini deyiblər.
Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 2-də yenidən görüşüblər. Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlikləri hər hansı məlumat yaymayıb. ABŞ Dövlət Departamentinin rəsmisi həmin gün “Turan”a deyib ki, görüşlər mayın 3-də də davam edəcək.
Mayın 4-də Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş də istisna olunmur.
Bəzi iddialara görə, ABŞ görüşlərində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması barədə razılaşma layihəsi müzakirə olunur.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
2023-cü il aprelin 23-də Azərbaycan Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.