Ali Məhkəmə AXCP üzvü Pünhan Kərimovun şikayətinə baxacaq. “Turan”ın məlumatına görə, cəbhəçi bəraət istəyir. Proses mayın 2-nə təyin olunub.
Pünhan Kərimov 2018-ci il oktyabrın 8-də mühacirətə gedib, ancaq sığınacaq ala bilməyib, 2021-ci il noyabrın 24-də Almaniyadan Azərbaycana qaytarılıb.
2022-ci il yanvarın 25-i Bakıda həbs edilən Pünhan Kərimov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinib. İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi ona 6 il azadlıqdan məhrumetmə cəzası kəsib, oktyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib.
Cəbhəçi və müdafiəçiləri ittihamı saxta sayır.
Novator.az bildirir ki, hazırda AXCP-nin daha 4 üzvü azadlıqdan məhrumetmə cəzası çəkir.
2020-ci il aprelin 16-sı tutulub 30 sutka inzibati həbs alan, sonra cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.
2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunaraq 10 il azadlıqdan məhrumetmə cəzası alıb.
2021-ci il oktyabrın 22-də tutulan Mütəllim Orucov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
2021-ci il noyabrın 26-da tutulan Şahin Hacıyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
Daha iki cəbhəçi cinayət ittihamı ilə həbsdədir. 2022-ci il mayın 28-də tutulan Razi Alışova narkotik vasitə satmaq ittihamı irəli sürülüb. Bu ittiham 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
2023-cü il fevralın 7-də tutulan Zamin Salayev silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.