Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli Cənubi Qafqazda sülh üçün tarixi fürsət yarandığını düşünür. Novator.az-ın məlumatına görə, o yazır ki, Ermənistanda sülh əleyhdarları, revanş istəyənlər, Kremlin əmrlərini yerinə yetirənlər İrəvanda Azərbaycan bayrağını yandırdıqca bayrağımız İrəvana daha yaxın dalğalanacaq, necə ki, məsələn, Qafanın yanında və ya Laçın yolunun girişində dalğalanır.
Ermənistan əhalisinin bir qisminin davranışlarını psixoloji cəhətdən izah etmək olar. 2020-ci ilin 44 günlük müharibəsinə qədər Ermənistanda ölkənin sərhədlərinin Tərtər, Ağcabədi, Horadizdən başladığına, daim belə olacağına inananlar ordusu yaranmışdı. İndi isə Azərbaycan əsgəri Qafan şəhərinin hava limanından cəmi 300 metr məsafədə dayanıb, bayrağı sərhədimizə sancıb – onlar üçün əsas psixoloji problem budur.
Ermənistan əhalisi yeni sərhədlərə alışmalı, bunu həzm edib sülh üçün çalışmalıdır. Bölgəmizdə sülhün təməli Ermənistanın yeni sərhəd reallıqlarını qəbul-həzm etməsindən keçir. Ümid edirəm ki, “həzm” prosesinə əsgərimizin yeni müdaxilələrinə ehtiyac qalmayacaq. Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün tarixi fürsət yetişib”.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb, 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
2023-cü il aprelin 23-də Azərbaycan Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.