“Azərişıq” ASC Ermənistanla sərhəddəki yeni sərhəd-buraxılış məntəqəsini elektrik enerjisi ilə təmin edib. Rəsmi xəbər aprelin 24-nə keçən gecə yayılıb.
Dövlət Sərhəd Xidməti Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsini aprelin 23-ü gündüz saat 12-də qurub.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiya sülhməramlı kontingenti yeridilib. Həmin yolun üstünə Laçın şəhəri və rayonun 6 kəndi düşüb.
2022-ci il avqustun 11-də Laçın şəhəri və rayonun kəndlərindən yan keçən yeni yolun inşası bitib, avqustun 26-da Laçın rayonu tam azad edilib, avqustun 30-da Rusiya sülhməramlı kontingenti yeni yolun mühafizəsinə keçib.
Azərbaycan hərbçiləri 2021-ci ilin may, 2022-ci ilin sentyabr aylarında Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələrini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.
30 mart 2023-cü ildə Laçının Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin Azərbaycan hərbçilərinin nəzarətinə keçdiyi bəyan olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.