Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, əməkdar incəsənət xadimi, professor Həcərxanım (Həcər) Babayevanın 75 illik yubileyinə həsr olunmuş konfrans və “Seçilmiş məqalələr” kitabının təqdimat mərasimi keçirilib.
Həcər Babayeva 1948-ci il aprelin 17-də anadan olub. 1957-1969-cu illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində orta-ixtisas musiqi məktəbində təhsil alıb. 1969-1973-cü illərdə konservatoriyanın tarix-nəzəriyyə fakültəsində təhsilini davam etdirib və buranı fərqlənmə diplomu ilə bitirib. 1973-1978-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji Məktəbində, 1978-1993-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda, 1993-1997-ci illərdə Türkiyənin Bilkənd Universitetində, 1970-2009-cu illərdə Azərbaycan Milli Konservatoriyası nəzdindəki musiqi kollecində müəllim işləyib.
2009-cu ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışır, 2011-ci ildən akademiyanın musiqi nəzəriyyəsi kafedrasının professorudur.
Azərbaycan Bəstəkarlar İttifaqının musiqişünaslıq bölməsinin sədri, ölkədaxili və xaricdə keçirilən konfrans və simpoziumların iştirakçısıdır. 2008-ci ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Vasif Adıgözəlov, Ağabacı Rzayeva və Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş monoqrafiyaların, “Elementar musiqi nəzəriyyəsi” dərsliyinin, “Harmoniya” (I, II hissə) və “Harmoniya fənninin tədrisinə dair” metodik vəsaitlərinin müəllifidir.
Həcər Babayevanın 75 illik yubileyinə həsr olunmuş tədbiri giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri, xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə açıb. O, yubilyarın çoxşaxəli yaradıcılığından, insani xüsusiyyətlərindən danışıb.
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli ailəvi dostu Həcər xanım haqqında səmimi fikirlərini və onun mərhum həyat yoldaşı musiqişünas professor Elxan Babayevlə bağlı xatirələrini bölüşüb.
Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Musiqişünaslar ailəsi” adlı məruzəsində günümüzün qəhrəmanının misalında layiqli alim və müəllimin milli musiqi sənətimizin inkişafına verdiyi töhfədən söhbət açıb.
Sonra söz musiqiyə verilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşe” violinoçular ansamblının gənc üzvləri öz məharətlərini göstərib. Xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğu ansamblın və konsertmeyter Səbinə Muradovanın ifaları – Üzeyir Hacıbəylinin “Koroğlu” operasından 2 rəqs və Karl Bomun “Daimi hərəkət”i alqışlarla qarşılanıb.
AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Rəna Məmmədova-Sarabskayanın həmkarından bəhs edən “Həcərxanım Babayevanın elmi fəaliyyəti” məruzəsi maraq doğurub.
Musiqili estafetini davam etdirən xalq artisti Salman Qəmbərovun pianoda müşayiəti ilə Rövşən Qəhrəmanovun vokal ifasında görkəmli bəstəkar Rauf Hacıyevin “Saçlarına gül düzüm” və “Leyla” mahnıları yeni performansda hamının diqqətini çəkib.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyevanın “Həcərxanım Babayevanın nəşr olunmuş kitabları və dərslikləri haqqında”, əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirovanın “Həcərxanım Babayevanın pedaqoji fəaliyyəti”, əməkdar incəsənət xadimi, professor Nazim Kazımovun “Təcrübəli müəllim”, sənətşünaslıq elmləri doktoru, professor Aytac Rəhimovanın “Həcərxanım Babayevanın “Seçilmiş məqalələr” kitabı haqqında” məruzələri səbəbkarın dörddə üç əsrlik ömrünün bütün çalarlarını əhatə edib və onun məhsuldar yaradıcılığı hərtərəfli şəkildə vurğulanıb.
“Qafqaz” İctimai Birliyinin “Xarıbülbül” medalının yubilyara təqdimatı isə əsl sürpriz olub. Təkrarən səhnəyə çıxan “Detaşe” violinoçular ansamblı İohannes Bramsın “Macar rəqsləri” və Tofiq Quliyevin “Sevgi valsı” əsərlərini xüsusi şövq və zövqlə ifa edərək tədbirə rəng qatıblar.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının aparıcısı olduğu proqram Həcər Babayevanın minnətdarlıq dolu nitqi ilə yekunlaşıb.