Kənd təsərrüfatı sektorunda qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması qlobal iqtisadiyyatı gücləndirə, 345 milyon insanın kəskin qida çatışmazlığı ilə üzləşəcəyinin gözləndiyi bir vaxtda ərzaq qıtlğının qarşısını ala bilər. Novator.az xəbər verir ki, ABŞ-ın “Bloomberg” agentliyi belə yazır.
Agentlik BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına əsasən vurğulayır ki, kənd təsərrüfatı sektorunda gender bərabərliyinin təmin olunması, qadınlarla kişilər arasında əməkhaqqı fərqinin aradan qaldırılması dünyada ümumi daxili məhsulun həcmini 1%-dək, başqa sözlə desək, 1 trilyon dollara qədər artıra bilər: “Nəticədə dünyada ərzaq təhlükəsizliyi xeyli güclənə, qida çatışmazlığından əziyyət çəkən insanların sayı 45 milyon nəfərədək azala bilər”.
“Bloomberg” xatırladır ki, 2020-ci illə müqayisədə hazırda dünyada aclıqla üzləşmiş insanların sayı iki dəfə çoxdur: “Böhranın dərinləşməsinə quraqlıq, koronavirus pandemiyası və Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ucbatından ərzaq tədarükü prosesində ortaya çıxmış maneələr, ixrac qadağaları səbəb olub”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının kənd təsərrüfatının inklüziv inkişafı və gender bərabərliyi bölməsinin direktor müavini Loren M. Filips “Bloomberg”ə açıqlamasında deyib ki, problemin həlli yollarından biri aqrar sahədə gender bərabərliyinin təmin edilməsi, qadınlara geniş imkanlar yaradılması, səlahiyyətlər verilməsidir: “Qadınların torpaq mülkiyyəti hüququ dərinləşdirilməli, həmçinin onların sosial müdafiəsi gücləndirilməli, tutalım, uşağa qulluq imkanları yaxşılaşdırılmalıdır. Belə tədbirlərlə məşğulluğu artırmaq, sosial dayanıqlığı gücləndirmək olar”.
“Bloomberg” qeyd edir ki, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının araşdırması bəzi ölkələrdə kənd təsərrüfatı sisteminin kişilərdən çox qadınların dolanışığı üçün daha ciddi əhəmiyyət kəsb etdiyini üzə çıxarıb: “Məsələn, bir sıra Afrika ölkələrində qadınların üçdə ikisinin məhz kənd təsərrüfatı sektorunda çalışdığı aydınlaşıb. Cənubi Asiya ölkələrində bu sektorda çalışan qadınların sayı daha çoxdur: 71 faiz. Həmin ölkələrdə aqrar sektorda işləyən kişilərin sayı qadınlara nisbətdə azdır – Afrikada 47, Cənubi Asiyada 60 faiz”.
Loren M. Filips vurğulayıb ki, qadınların rifahının yaxşılaşdırılması həm qlobal iqtisadiyyata, həm də ev təsərrüfatlarının gəlirinə, inkişafına müsbət təsir göstərə bilər.
Mənbə: Bloomberg.com