Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, son vaxtlar ölkədə dini inanclı şəxslər kütləvi həbs edilir, kampaniya İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda həyata keçirilir, casus şəbəkəsinə qarşı əməliyyat kimi təqdim olunur: “Həbs olunan inanclı şəxslərin sayı, kimlikləri və onlara ittihamların mahiyyəti dəqiq məlumat deyil. Ancaq yayılan bilgilər belə qənaət yaradır ki, son həftələr çox sayda vətəndaşımız casusluq və narkotik ittihamı ilə həbs olunub.
Milli Şura inanclı vətəndaşların kütləvi şəkildə həbsi, bəzi hallarda onlara işgəncə verilməsi haqda məlumatlardan narahatdır, hakimiyyətin uzun illər ərzində öz siyasi rəqiblərini şərləyərək həbs etməsi praktikasını, “Tərtər işi” və bir çox başqa cinayət işlərində əsassız, kütləvi, qanunsuz həbslərə yol verildiyini nəzərə alır, hakimiyyəti İran casusu axtara-axtara günahsız insanları kütləvi həbs etməməyə çağırır.
Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi toxunulmazdır. İran hakimiyyətindəki müxtəlif dairələrin Azərbaycana qarşı əsassız iddia və təhdidlərini qətiyyətlə pisləyir və rədd edirik. Biz İranın, yaxud başqa bir ölkənin xeyrinə casusluq etməyi ən ağır cinayət sayırıq, ölkəmizə gerçəkdən də xəyanət edən şəxslərin ədalətli və açıq məhkəmələrdə cəzalandırılmasından yanayıq. Ancaq onu da unutmamışıq ki, Ermənistana casusluq etmək ittihamı ilə həbs olunmuş, işgəncəyə məruz qalmış, öldürülmüş şəxslərin mütləq əksəriyyətinin sonda cinayətkar, casus yox, cinayət qurbanı olduğu artıq sübuta yetirilib. Milli Şura hesab edir ki, Azərbaycanda heç bir halda “Tərtər işi” kimi xarakterizə oluna biləcək cinayətlər baş verməməli, insanlar kütləvi və əsasız həbs edilməməlidir. Həbs olunmuş şəxslərin hər birinə qarşı ittihamlar ciddi araşdırılmalı, cinayət törətməmiş bütün şəxslər azad edilməlidir”.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun rəhbərliyində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.