ABŞ Dövlət Departamentinin xarici dövlətlərin dezinformasiyaları ilə mübarizə qurumunun – Qlobal Dialoq Mərkəzinin rəhbəri Ceyms Rubin aprelin 11-də Şimali Makedoniyaya səfər edib. Xəbəri yayan “Associated Press” agentliyi Ceyms Rubinin Albaniya və Monteneqroya da baş çəkdiyini bildirir.
Novator.az-ın məlumatına görə, Şimali Makedoniyanın paytaxtı Skopyedə mediaya danışan Ceyms Rubin Qərbi Balkanda əsas təhlükə mənbəyinin Rusiya dezinformasiyası olduğunu deyib: “Serbiya media platformaları vasitəsilə yayılan Rusiya dezinformasiyaları sonradan sürətlə Şimali Makedoniyaya nüfuz edir. Bu bölgə Rusiyanın yalan informasiyaları ilə daha çox zəhərlənib”.
ABŞ dövlət katibi Entoni Blinken 2022-ci ilin dekabrında veteran diplomat Ceyms Rubini Qlobal Dialoq Mərkəzinə rəhbər təyin etdiyini açıqlamış, bunu Ukrayna müharibəsi və Qərbin Kiyevə dəstəyi fonunda Rusiyanın dezinformasiya kampaniyalarının güclənməsi ilə əsaslandırmışdı.
Ceyms Rubin Şimali Makedoniyada jurnalistlərə deyib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı ələ keçirə və Avropanı parçalaya biləcəyini düşünürdü: “Ancaq o, hərtərəfli uğursuzluğa düçar oldu. Bununla belə, Rusiya dezinformasiya və parçalanma təbliğatını yaymaqda davam edir. Moskvanın bu siyasəti insanları, ölkələri, icmaları bir-birindən ayırmağa, onlar arasında nifaq salmağa hesablanıb”.
Avropa ölkələrinin hökumətləri ilə qarşılıqlı fəaliyyət göstərdiyini söyləyən Ceyms Rubin Qərbin dezinformasiya təhlükəsi ilə mübarizəyə yenicə başladığını vurğulayıb.
Qlobal Dialoq Mərkəzinin açıqlamasında bildirilir ki, qurum müttəfiqlərə analitik, tədqiqat və texniki dəstək göstərməklə onlara öz ölkələrini hədəf alan dezinformasiya kampaniyalarını müəyyən etməkdə yardımçı olur.
ABŞ-ın Şimali Makedoniyadakı səfirliyinın açıqlamasında bildirilir ki, Ceyms Rubin səfəri çərçivəsində Çinin, habelə demokratiya və milli təhlükəsizliyi pozmaq üçün dezinformasiyadan yararlanan digər bədxah subyektlərin göstərdiyi səyləri də müzakirə edib.
Mənbə: Apnews.com