Jurnalist, ictimai-siyasi xadim İlham İsmayılın oğlu Cavidan İsmayılzadə aprelin 11-də sərbəst buraxılıb. Almaniyada yaşayan Cavidan İsmayılzadə martın 28-i Çexiyada İnterpol xətti ilə saxlanmışdı.
Aprelin 12-də “Meydan TV”yə danışan Cavidan İsmayılzadə deyib ki, Azərbaycanda bizneslə məşğul olub, 2015-ci ildə iflasa uğrayıb, 200 min manata qədər borca düşüb, Almaniyaya köçəndən sonra həmin borcu bağlayıb.
Keçmiş ortaqlarının biri ilə probleminin qaldığını vurğulayan Cavidan İsmayılzadə həmin şəxsin iddiasını qəbul etmədiyini deyib: “Azərbaycanda olmadığımdan hüquqi çəkişmədə iştirak edə bilmirdim. Ona görə də İnterpol xətti ilə axtarış ortaya çıxmış, amma problem həll olunmuşdu. Çexiyada saxlanandan sonra aparılan araşdırmada bilindi ki, anlaşılmazlıq səbəbindən yenidən axtarışa verilmişəm”.
1957-ci il təvəllüdlü İlham İsmayıl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib. 1983-cü ildən təhlükəsizlik orqanlarında məsul vəzifələr tutub.
Birinci Qarabağ müharibəsinin veteranı, polkovnik-leytenantdır.
1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur.