ABŞ-ın CNN kanalının internet səhifəsində Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək planı ilə bağlı məqalə dərc olunub. Məqalənin müəllifi – on ilə yaxın CNN-in Moskva bürosuna rəhbərlik etmiş jurnalist Cil Douti keçmiş Sovet İttifaqı, Rusiya üzrə ekspert kimi tanınır. Cil Douti yazır ki, Rusiya prezidenti “nüvə” sözünü dilə gətirən kimi dünyanın diqqəti ona yönəlir və deyəsən, Putinin bu kəlməni işlətməkdə əsas məqsədi budur: “Bu, Avropada qorxunu artırır və Putinin istədiyi də elə budur”.
Rusiyanın “Vulkan” Elmi-Texniki Mərkəzi xüsusi xidmət orqanlarına dezinformasiyalar yaymaq və kiber hücumlar həyata keçirmək işində yardım göstərir. “Vaşinqton Post”un yazdığına görə, mərkəzin sosial mediada Ukrayna ilə bağlı dezinformasiyalar yaymaq və Ukraynanın dəniz, hava, dəmir yolu nəqliyyatı üzrə idarəetmə sistemlərinin məlumat bazalarına, kompüter sistemlərinə müdaxilə işində Rusiyanın xəfiyyə orqanlarına əməli yardım göstərdiyini, həmçinin bu istiqamətdə ayrı-ayrı kəşfiyyatçılara təlimlər keçdiyini təsdiqləyən 5 min səhifəlik sənədlər toplusu əldə edilib. Sənədlər Moskvanın kiber məkanda, o cümlədən sosial media müstəvisində nə qədər iddialı əməliyyatlara əl atdığını bir daha aydın surətdə üzə çıxarır.
Avropadakı diplomatik nümayəndəliklərin sosial media hesabları arasında Rusiyanın Slovakiyadakı səfirliyinin “Facebook” səhifəsi qədər təhlükəli bir hesab yoxdur. “Euronews” kanalı xəbər verir ki, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun maliyyələşdirdiyi “Beacon” layihəsi Rusiyanın Slovakiyadakı səfirliyinin “Facebook” səhifəsinin uydurma ittihamlar üçün çox əlverişli məkana çevrildiyini üzə çıxarıb: “Səhifədə təbliğat-təşviqat xarakterli materialların sayı 5000-ə çatır. Bu materiallarda ABŞ-ın bioloji laboratoriyalar vasitəsilə COVİD-19 infeksiyasını dünyaya yaymasından tutmuş Ukrayna prezidenti Vladimir Zelenskinin ünvanına açıq söyüşlərədək hər cür böhtana, təhqirə rast gəlmək mümkündür”. “Euronews” vurğulayır ki, Rusiyanın Slovakiyadakı səfirliyinin “Facebook” səhifəsi Ukrayna məsələsində Avropanın mövqeyinə təhlükə törədir, səhifə bu mövqeni ən azı qitənin bir parçasında sarsıtmaq iqtidarındadır.
Rusiya aprelin 1-dən BMT Təhlükəsizlik Şurasında dönəm sədrliyinə başlayıb. “Nyu-York Tayms” qəzeti yazır ki, dönəm sədrliyinə başlayandan az sonra – aprelin 5-də Moskva bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində deportasiya edilən ukraynalı uşaqlarla bağlı qeyri-rəsmi geniş iclas çağırıb. İclasda Rusiya öz mövqeyindən aşkar sui-istifadəyə yol verib, 50-dən çox ölkənin iştirakı ilə keçirdiyi toplantını utanıb-eləmədən dezinformasiya yığnağına çevirməyə çalışıb. ABŞ başda olmaqla bir sıra demokratik ölkələrin nümayəndələri bunu etirazla qarsalayıblar. ABŞ, Ukrayna və Avropa İttifaqına üzv dövlətlər bəyan ediblər ki, Rusiyanın heç bir dezinformasiyası həqiqəti ört-basdır edə və müharibə cinayətində əli olan adamları məsuliyyətdən yayındıra bilməz.
Ukrayna müsəlmanlarının Ramazan taleyi – “France24” kanalının internet səhifəsində yerləşdirilmiş reportajda bundan bəhs edilir. Bildirilir ki, Ukrayna müsəlmanları ikinci ildir Ramazan ayını müharibə şəraitində keçirir. Son günlər şərq cəbhəsinə yaxın məsciddə namaz qılanların əksəriyyəti əsgərlər olur. 16 nəfərdən ibarət icmanın ibadət mərasimini aparan axund Murad Süleymanov Ramazanın qələbə ayı olduğunu qeyd edir, dualarında “Allah məscidimizi və Ukraynanı qorusun, tiranları cəzalandırsın” deyir. Məsciddə ibadət edənlər arasında dini liderlərdən olmuş Səid İsmayılov da var. 44 yaşlı tatar Səid İsmayılov müharibəyə qədər 13 il Ukrayna Ümmətinin Ruhani İdarəsinin müftisi olub. Müharibə başlananda vətənin müdafiəsinə qalxıb. Hazırda yaralıları xilas etməklə məşğuldur. Bəzi rusiyalı müsəlmanların Kremlin Ukraynada apardığı müharibəyə haqq qazandırmasının ikrah doğurduğunu deyən Səid İsmayılov Moskvanın etnik azlıqlara aşağı təbəqə kimi yanaşdığını vurğulayır: “Rusiya müharibədə onlardan qurbanlıq kimi istifadə edir. Düşmən tərəfdən ölən əsgərlərin əksəriyyətinin Buryatiya, Tuva, Dağıstan, Tatarıstan, Çeçenistan nümayəndələri olduğunu hamı bilir”.
“Pyu” Araşdırma Mərkəzi (Pew Research Center) ABŞ-da 5,5 min işçi arasında sorğu keçirib. Nəticələr göstərib ki, əksəriyyət işə girərkən təklif olunan maaşı dəbbələmir, daha yüksək məbləğ tələb etməkdən çəkinir. Aydın olub ki, iş müsahibələrində yüksək maaş tələbi qoyan kişilərin müsbət cavabı alması ehtimalı daha böyükdür. Kişilərin 58 faizi, qadınların 61 faizi son dəfə işə düzələrkən daha yüksək maaş istəmədiyini bəyan edib. Qadınların 42 faizi, kişilərin isə 33 faizi təklif olunandan daha çox maaş tələb edərkən utandığını söyləyib. Son sorğulardan bəlli olub ki, ölkədə iş elanlarının yarıya qədərində maaş barədə məlumatlar yer alır. Ancaq gender bərabərliyinə nə qədər diqqət yetirilsə belə, qadınların qazancının aşağı olduğu vurğulanır.