Ermənistanla sərhəddəki 11 aprel atışmasında Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu yaralanıb. Müdafiə Nazirliyinin 12 aprel məlumatına görə, iki yaralı əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunub.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 11-də Gorusun Dığ kəndi istiqamətindən Azərbaycan Ordusunun Laçın rayonundakı üzbəüz mövqelərini atəşə tutub, hərbi qulluqçular Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu, Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Cavab tədbirləri ilə qarşı tərəfin atəş nöqtələri susdurulub.
Ermənistan tərəfi atışmada 4 hərbçisinin həlak olduğunu, 6 hərbçisinin yaralandığını bəyan edib.
1988-1994-cü illərin təcavüzündə Ermənistan Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır, Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Azərbaycan hərbçiləri 2021-ci ilin may, 2022-ci ilin sentyabr aylarında Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələrini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.
30 mart 2023-cü ildə yayılan rəsmi məlumatda Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin Azərbaycan hərbçilərinin nəzarətinə keçdiyi bəyan olunub.