Novator.az “Yerli icra hakimiyyətləri haqqında” əsasnaməyə nəzər salıb.
Azərbaycanın rayonları, şəhərləri, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi dövlət müstəqilliyi konstitusiya aktı ilə rəsmiləşən gün – 1991-ci il oktyabrın 18-də prezident fərmanı ilə yaradılıb. Qüvvədə olan əsasnaməyə görə, yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər və mərkəzi icra hakimiyyəti orqanlarının (Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir – onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər.
Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər.
Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər.
Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir.
Yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin və vəzifədən azad edir.
Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçıları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında təyin olunur.
Yerli icra hakimiyyəti başçısının müavinini (müavinlərini) Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla müvafiq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavininin (müavinlərini) vəzifəyə təyin və vəzifədən azad edilməsi prezidentin səlahiyyətindədir.
Yerli icra hakimiyyəti başçısının aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin strukturunu və ştat vahidlərinin sayını, yerli icra hakimiyyəti başçısının yanında olan orqanları və onların işçilərinin say həddini prezident, yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxsləri və onların işçilərinin say həddini prezidentlə razılaşdırmaqla Nazirlər Kabineti müəyyən edir.
Yerli icra hakimiyyətinin başçısı Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla öz aparatının struktur bölmələrinin ştat vahidlərini icra hakimiyyəti başçısı aparatının təsdiq olunmuş nümunəvi strukturu və ştat vahidlərinin sayı çərçivəsində bir bölmədən digərinə keçirə bilər.