“Rusiya BMT Təhlükəsizlik Şurasında dönəm sədrliyinə başlayan kimi bu beynəlxalq qurumda tutduğu mövqedən aşkar sui-istifadəyə yol verib, 50-dən çox ölkənin iştirakı ilə keçirdiyi ilk iclası utanıb-eləmədən dezinformasiya yığnağına çevirməyə çalışıb”. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Nyu-York Tayms” qəzeti belə yazır.
Rusiya BMT Təhlükəsizlik Şurasında dönəm sədrliyinə aprelin 1-dən başlayıb. Aprelin 5-də Moskva bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində deportasiya edilən ukraynalı uşaqlarla bağlı qeyri-rəsmi geniş iclas çağırıb.
Müharibə dövründə Rusiyanın işğal altına aldığı Ukrayna torpaqlarından neçə uşağı deportasiya etdiyi dəqiq bilinmir. Ancaq istənilən hesabatda onların sayının minlərlə olduğu göstərilir.
Rəsmi Kiyev 11 minə yaxın ukraynalı uşağın valideynlərdən ayrı salınıb Rusiyaya qaçırıldığını bəyan edir. ABŞ-ın Yel Universitetinin İctimai Səhiyyə Məktəbinin Humanitar Tədqiqatlar Laboratoriyası (bu laboratoriya ABŞ Dövlət Departamentinin Ukraynada törədilən müharibə cinayətlərini sənədləşdirmək üçün dəstəklədiyi qurumlardan biridir) Ukraynadan Rusiyaya 4-17 yaşlarında ən azı 6 min uşağın aparıldığını bildirir. Laboratoriya gerçək sayın bundan xeyli yüksək ola biləcəyini də qeyd edir. Hesabata görə, Ukraynadan aparılan uşaqlar ən azı 43 müəssisədə yerləşdirilib. Həmin müəssisələrin ən azı 40-nın yay düşərgəsi olduğu, Rusiyada və 2014-cü ildə ilhaq edilmiş Krım yarımadasında yerləşdiyi deyilir.
Hesabat müəlliflərinin qənaətinə görə, düşərgələrdə qarşıya qoyulan əsas məqsəd ukraynalı uşaqları siyasi baxımdan yenidən tərbiyə etməkdir. Düşərgələrin 32-də bu işə daha sistematik səy göstərildiyi, təlim-tərbiyə prosesinin, mədəni tədbirlərin bütünlüklə ukraynalı uşaqları rus patriotu ruhunda formalaşdırmağa yönəldildiyi, uşaqların hərbi təhsilə cəlb olunduğu vurğulanır.
Humanitar Tədqiqatlar Laboratoriyasının hesabatına əsasən, uşaqların bəzisi düşərgələrə valideynlərinin razılığı ilə aparılıb. Valideynlər düşünüblər ki, bu, sadəcə pulsuz istirahətdir, uşaqlar həm dincələcək, həm də müharibə zonasından uzaq olacaqlar, sonra isə vəd edildiyi vaxtda geri qaytarılacaqlar. Ancaq uşaqları bəzi düşərgələrdə vəd olunduğundan artıq saxlayıblar. Bəzi düşərgələrdə isə uşaqların geri göndərilməsi prosesi qeyri-müəyyən müddətə dayandırılıb.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, kimsəsiz uşaqları və daha çox fiziki, əqli qüsuruna görə Ukraynada dövlət müəssisələrində saxlanan uşaqları Rusiyaya ilk növbədə övladlığa, qəyyumluğa vermək məqsədilə deportasiya ediblər.
BMT-nin 1948-ci ildə qəbul etdiyi Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına əsasən, bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi beynəlxalq cinayətdir. BMT uşaq oğurluğunu silahlı münaqişələr zamanı uşaqlara qarşı tətbiq edilən ən ağır 6 cinayətdən biri kimi tanıyır.
Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi bütün bunları əsas götürərək 2023-cü il martın 17-də Rusiya prezidenti Vladimir Putinin və onun 2022-ci ilin dekabrında ukraynalı uşaqların övladlığa götürülməsi prosesinin sadələşdirilməsi məqsədilə imzaladığı fərmanın alovlu icraçısı – Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.
“Nyu-York Tayms” yazır ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasının sədri kimi 2023-cü il aprelin 5-də çağırdığı iclasa video bağlantı ilə qatılan Mariya Lvova-Belova daha bir alovlu nitq söyləyib, Kremlin sevimli dezinformasiyalarından yararlanmaqla ukraynalı uşaqların qanunsuz deportasiyasına, zorla qəyyumluğa verilməsinə, yəni müharibə cinayətlərinə haqq qazandırmağa çalışıb: “O, Rusiyaya qarşı ittihamların saxtalığını qarşı tərəfə sübut etmək imkanı qazanmasından məmnunluğunu ifadə edib. Bildirib ki, Moskva ukraynalı uşaqları öz ailələrinə qovuşdurmaq işində əməkdaşlığa hazırdır. Kremlin bu xanım təmsilçisi iddia edib ki, Rusiyanı gözdən salmaq üçün qarayaxma kampaniyası aparılır. Onun iddiasına görə, kampaniyanı aparan ölkələr ukraynalı uşaqların taleyinə biganə münasibət tutub və kampaniyada əsas məqsəd də diqqəti bu məsuliyyətsiz mövqedən yayındırmaqdır. Mariya Lvova-Belova Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımadığını da söyləyib”.
“Nyu-York Tayms” yazır ki, ABŞ başda olmaqla bir sıra demokratik ölkələrin nümayəndələri Mariya Lvova-Belovanın BMT Təhlükəsizlik Şurasının iclasında peyda olmasını etirazla qarşılayıblar, o söz alan kimi iclası tərk ediblər, bir də yalnız Rusiya əleyhinə çıxışlar səslənəndə iclasa qayıdıblar: “Daha sonra isə ABŞ, Ukrayna və Avropa İttifaqına üzv dövlətlər birgə bəyanat qəbul edib. Bəyanatda vurğulanıb ki, Rusiyanın heç bir dezinformasiyası həqiqəti ört-basdır edə və müharibə cinayətində əli olan adamları məsuliyyətdən yayındıra bilməz”.
“Nyu-York Tayms”ın yazdığına görə, Böyük Britaniyanın BMT-dəki missiyası Mariya Lvova-Belovanın öz hərəkətlərinin hesabatını Haaqa məhkəməsində verməli olduğunu xatırladıb, ABŞ-ın BMT-dəki missiyası isə belə bir şəxsə Təhlükəsizlik Şurasının toplantısında söz verilməsini BMT-yə, beynəlxalq hüquqa hörmətsizlik, uşaq ombusmanının müharibə cinayətinə haqq qazandırmaq cəhdini dəhşətli bir hadisə kimi qiymətləndirib: “İclasdan dərhal sonra Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “Tvitter” şəbəkəsindəki hesabında ölkəsinin Rusiyanın yalanlarını heç vaxt cavabsız qoymayacağını yazıb”.
Ancaq 5 aprel iclasında heç də bütün ölkələr Rusiyanı qınamayıb. “Nyu-York Tayms” yazır ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Moskvanın müttəfiqi Çin ümumən silahlı münaqişələr dövründə uşaqları qorumağın vacibliyini qeyd etməklə kifayətlənib və Rusiyanın ukraynalı uşaqları ailələrinə qovuşdurmaq istəyini müsbət məqam kimi nəzərə almağı məsləhət görməyi də unutmayıb.
Mənbə: Nytimes.com