Prezident İlham Əliyev aprelin 10-da Qazaxıstana rəsmi səfərə gedib. AZƏRTAC xəbər verir ki, paytaxt Astananın hava limanında İlham Əliyevi Qazaxıstanın baş naziri Əlixan Smailov və digər rəsmi şəxslər qarşılayıb.
Rəsmi qarşılanma mərasimi “Akorda” Prezident Sarayında olub. Qazaxıstanın nümayəndə heyətinin üzvləri İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevə təqdim edilib.
Dövlət başçıları əvvəl məhdud tərkibdə, sonra geniş tərkibdə bir araya gəliblər.
Geniş tərkibdə görüşün ardından Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb və dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
İmzalanan sənədlər bunlardır:
“Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında protokol” və dövlət başçılarının birgə bəyanatı;
“Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum”;
“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında memorandum”;
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında anlaşma memorandum”;
“Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”;
“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında anlaşma memorandum”;
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında memorandum”.
İlham Əliyev mətbuata bəyanatında deyib ki, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini həmişə dəstəkləyir: “Biz həm də ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə prezident Tokayevə təşəkkür edirəm. Mən normallaşmaya dair danışıqlar prosesinin indiki statusu barədə həmkarıma məlumat vermişəm. Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq qonşular arasında münasibətlər normal olmalıdır. Biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”.