Türkiyədə parlament seçkisinə qatılan siyasi qüvvələrin ələnməsi davam edir. Novator.az bildirir ki, aprelin 9-da namizədlərin siyahısının Ali Seçki Qurumuna təqdimatı başa çatıb. Mayın 14-də, prezident seçkisi ilə eyni gündə keçiriləcək seçkiyə 26 partiyadan namizəd çıxarılır. Onların 13-ü seçkiyə ayrılıqda gedir: Millət Partiyası, Haqq və Azadlıqlar Partiyası, Gənc Partiya, Məmləkət Partiyası, Böyük Türkiyə Partiyası, Ədalət-Birlik Partiyası, Ana Vətən Partiyası, Yenilik Partiyası, Xalqın Qurtuluş Partiyası, Milli Yol Partiyası, Vətən Partiyası, Güc Birliyi Partiyası, Müstəqil Türkiyə Partiyası.
Qalan 13 partiya ittifaqlarda bir araya gəlib.
Sosialist Güc Birliyi ittifaqında Türkiyə Kommunist Partiyası, Türkiyə Kommunist Hərəkatı, Sol Partiya; Xalq ittifaqında Böyük Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası, Yenidən Rifah Partiyası, Milliyyətçi Hərəkat Partiyası; Əmək və Azadlıq ittifaqında Yaşıllar və Sol Gələcək Partiyası, Türkiyə Fəhlə Partiyası; Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya; Ata ittifaqında Ədalət Partiyası, Zəfər Partiyası namizədlər verib.
Əmək və Azadlıq ittifaqında aparıcı qüvvə sayılan Xalqların Demokratik Partiyası seçkiyə Yaşıllar və Sol Gələcək Partiyasının, əsas müxalif blok olan Millət ittifaqındakı Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyası Cümhuriyyət Xalq Partiyasının siyahısı ilə qoşulub.
600 nəfərlik Türkiyə Böyük Millət Məclisinə düşmək üçün ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmaq gərəkdir.
Millət vəkilliyinə müstəqil namizədlik də mümkündür.
Namizədlərin rəsmi siyahısı aprelin 19-da açıqlanacaq.
Prezidentliyə iddiaçılar bunlardır: dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan – Xalq ittifaqının namizədi; Məhərrəm İncə – lideri olduğu Məmləkət Partiyasının namizədi; millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu – Millət ittifaqının namizədi; müstəqil siyasətçi Sinan Oğan – Ata ittifaqının namizədi.
İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.