Aprel ayında BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib. ABŞ-ın “Wall Street Journal” qəzetində redaksiya heyəti adından bununla bağlı sərt tənqidi məqalə dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
BMT Təhlükəsizlik Şurasına sədrliyin Putin Rusiyasına keçməsi bu qurumun mənəvi baxımından nə qədər bərbad vəziyyətə düşdüyünə daha bir sübutdur.
İşə bax, xalqlar arasında beynəlxalq normaları tənzimləməli quruma Ukraynada şəhərləri bombalayan, dinc əhalini öldürən, dünyanı nüvə müharibəsi ilə hədələyən ölkə rəhbərlik edir.
Əslində təəccüblənməyə dəyməz. 2022-ci il fevralın 24-dən Rusiya Ukraynaya total hərbi hücuma keçib, BMT Təhlükəsizlik Şurası isə bu müddətdə Moskva əleyhinə bir qırıq-sökük sanksiya da tətbiq edə bilməyib. Rusiya sanksiyanın qabağını almaq üçün şuradakı veto hüququndan yararlanıb, Çin isə sanksiya təklifini dəstəkləməyib, səsvermə zamanı bitərəf qalıb.
Beləliklə, sədrliyi rotasiya qaydasında dəyişən quruma rəhbərlik növbəsi çatanda Rusiyanın onu asanca qəbul etməsi bir daha göstərdi ki, BMT əfəl təşkilatdır, onun beynəlxalq nizamda heç bir rolu yoxdur.
Onsuz da bunu hamı bilirdi. Çoxdankı həqiqətdir. Di gəl, adına “dünya ictimaiyyəti” deyilən bir şeyin guya çoxtərəfli təşkilat vasitəsilə qlobal dələduzları ram edə biləcəyi haqda hap-gop bitmək bilmir ki bilmir.
Hazırda ABŞ-ın xarici siyasətini yönəldən beynəlmiləlçi liberallar hələ də bu Vilson xülyasından asılıb qalıblar. Ola bilsin, Rusiyanın BMT-dəki yüksəlişini tənqid edənlərin sayının az olması da bununla bağlıdır.
Dünya nizamı isə pozula-pozula gedir. Şimali Koreya Yaponiya istiqamətinə ballistik raketlər atır. Pekin Cənubi Çin dənizindəki mübahisəli adalara qoşun yeridir və Tayvanı hərbi müdaxilə ilə hədələyir. Rusiya Ukraynanı işğal etməyə çalışır, İran həm Rusiyanı silahlandırır, həm də Yaxın Şərqdə terrorçu qruplaşmalara yardım göstərir.
BMT isə bu məsələlərin hər biri üzrə əfəllikdən savayı bir şey nümayiş etdirmir. İndi bu təşkilat hətta vaxtilə Pxenyana qarşı verdiyi sanksiyalara əməl olunmasına da nəzarət etməyi bacarmır.
Yaşadığımız Tomas Hobbs (ictimai müqavilə nəzəriyyəsinin banisi) dünyasında vəhşiliklərə az-çox mane ola biləcək bir qüvvə varsa, o da könüllü formalaşan və ABŞ-ın sərt üzü sayəsində güc qazanan koalisiyalardır. Təsadüfi deyil ki, ABŞ-ın üzünü yumşaq görən kimi dələduzlar meydan sulamağa başlayırlar. Suriyada, Yəməndə, Ukraynada baş verən faciələrə baxın. Əgər liberallar dünyanın bundan betər xaosa sürüklənməsinin qarşısını almaq istəyirlərsə, onda nə qədər ki, gec deyil ABŞ prezidenti Cozef Baydenin administrasiyasından Amerika ordusunu dərhal yeniləməyi tələb etməlidirlər.
1945-ci ildə yaradılan BMT 190-dan çox ölkəni bir araya gətirir. Qurumun mərkəzi qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşir. Beynəlxalq sülh və təhlükəsizliyə məsul Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya) qərarlara veto qoya bilir. Qurumun 10 üzvünü iki il müddətinə Baş Məclis seçir. Hər bir üzv ölkə növbə ilə bir ay sədrlik edir.
Mənbə: Wsj.com