Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq aprelin 6-da birgə məlumat yayıb. Bildirilir ki, İranda yaşayıb həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu ələ alaraq ona Azərbaycanda silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” şəriət dövlətinin qurulması məqsədilə dəstə yaratması tapşırıqları veriblər: “Arif Cümşüdov dini radikalizmi təbliğ edən tanışları Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib, yaşadığı evdə təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.
Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün dəstə təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.
Saxlanan şəxslər özlərini cəmiyyətdə dindar kimi qələmə verərək sosial şəbəkələrdə, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat aparıblar. Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər”.