Avropadakı diplomatik nümayəndəliklərin sosial media hesabları arasında Rusiyanın Slovakiyadakı səfirliyinin “Facebook” səhifəsi qədər təhlükəli bir hesab yoxdur. Novator.az-ın məlumatına görə, “Euronews” kanalının internet səhifəsində belə yazılır.
Yazıda “Beacon” layihəsinin araşdırmasına istinad olunur.
“Beacon” ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun maliyyələşdirdiyi layihədir. Layihə çərçivəsində Çin və Rusiya səfirliklərinin Avropa məkanında yaydığı dezinformasiyaların monitorinqi aparılır.
“Euronews” bildirir ki, monitorinq Rusiyanın Slovakiyadakı səfirliyinin “Facebook” səhifəsinin uydurma ittihamlar üçün çox əlverişli məkana çevrildiyini üzə çıxarıb: “Səhifədə təbliğat-təşviqat xarakterli materialların sayı 5000-ə çatır. Bu materiallarda ABŞ-ın bioloji laboratoriyalar vasitəsilə COVİD-19 infeksiyasını dünyaya yaymasından tutmuş Ukrayna prezidenti Vladimir Zelenskinin ünvanına açıq söyüşlərədək hər cür böhtana, təhqirə rast gəlmək mümkündür”.
“Euronews” vurğulayır ki, Rusiyanın Slovakiyadakı səfirliyinin “Facebook” səhifəsi Ukrayna məsələsində Avropanın mövqeyinə təhlükə törədir, səhifə bu mövqeni ən azı qitənin bir parçasında sarsıtmaq iqtidarındadır: “Məsələ bundadır ki, ictimai baza da var, slovaklar Avropa İttifaqında Rusiyaya meyilli xalqlardan sayılır. Bratislavada fəaliyyət göstərən “Globsec think-thank” qeyri-hökumət təşkilatının əməkdaşı Katarina Klinqova deyir ki, Slovakiyada Qərb mədəniyyətinin, liberal dəyərlərin milli kimliyə təhlükə törətməsi cəfəngiyatına inanan xeyli insan var.
Katarina Klinqova xatırladır ki, 2020-ci ildə keçirilmiş ictimai rəy sorğusu Slovakiya əhalisinin 78 faizinin Rusiyaya Avropanın əsas siyasi və hərbi gücü kimi baxdığını, rusları özlərinin ənənəvi qardaşları hesab etdiyini göstərib”.
“Euronews” qeyd edir ki, Rusiya səfirliyi Slovakiyadakı ictimai ovqatdan Avropanın hərbi təcavüz qarşısında qalmış Ukraynaya verdiyi dəstəyi sarsıtmaq üçün istifadə etməyə çalışır.
Katarina Klinqova “Euronews” kanalına açıqlamasında bildirib ki, ümumilikdə Slovakiyada Kremlin maraqlarına uyğun dezinformasiyalar yayan 253-ə yaxın kütləvi informasiya vasitəsi, “Facebook”da açıq şəkildə Rusiya təbliğatı aparan 1800-dən çox səhifə var. O, ölkədə bəzi siyasətçilərin, partiyaların, rəsmi şəxslərin, o cümlədən baş prokuror Maros Zilinkanın Kremlin uydurmalarına vaxtaşırı dəstək verdiyini də qeyd edib.
Mənbə: Euronews.com