Azərbaycan Sosial Demokrat Partiyası ləğv olunduğunu bəyan edib. Elan “Yeni Müsavat” qəzetinin 5 aprel sayında yerləşdirilib.
Novator.az bildirir ki, 1989-cu ildə qurulan Azərbaycan Sosial Demokrat Partiyası 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya sədri Araz Əlizadə 2022-ci il oktyabrın 6-da vəfat edib.
2023-cü ildə ölkənin daha 6 partiyası fəaliyyətinə son verdiyini açıqlayıb: Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası.
Birlik Partiyası 1992-ci ildə, Azərbaycan Naminə Alyans Partiyası və Azərbaycan Sosial Rifah Partiyası 1995-ci ildə, Azərbaycan Liberal Demokrat Partiyası 1999-cu ildə, Azərbaycan Azad Respublikaçılar Partiyası 2002-ci ildə, Azərbaycan Təkamül Partiyası 2005-ci ildə dövlət qeydiyyatına götürülüb.
2023-cü il yanvarın 11-də qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Dövlət qeydiyyatında olan 60 siyasi partiyaya üzvlərinin sayını 5000 min nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir.
Əvvəlki qanunla partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi.
Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.