Rusiyanın “Vulkan” Elmi-Texniki Mərkəzi xüsusi xidmət orqanlarına dezinformasiyalar yaymaq və kiber hücumlar həyata keçirmək işində yardım göstərir. Novator.az xəbər verir ki, ABŞ-ın “Vaşinqton Post” qəzeti belə yazır.
“Vulkan” Elmi-Texniki Mərkəzi paytaxt Moskvada yerləşir.
“Vaşinqton Post”un yazdığına görə, mərkəzin sosial mediada Ukrayna ilə bağlı dezinformasiyalar yaymaq və Ukraynanın dəniz, hava, dəmir yolu nəqliyyatı üzrə idarəetmə sistemlərinin məlumat bazalarına, kompüter sistemlərinə müdaxilə işində Rusiyanın xəfiyyə orqanlarına əməli yardım göstərdiyini, həmçinin bu istiqamətdə ayrı-ayrı kəşfiyyatçılara təlimlər keçdiyini təsdiqləyən 5 min səhifəlik sənədlər toplusu əldə edilib.
Sənədlər toplusuna mərkəzin elektron poçt yazışmaları, maliyyə hesabatları və rəsmi qurumlarla bağladığı müqavilələr daxildir.
“Vaşinqton Post” vurğulayır ki, sənədlər Moskvanın kiber məkanda, o cümlədən sosial media müstəvisində nə qədər iddialı əməliyyatlara əl atdığını bir daha aydın surətdə üzə çıxarır.
Qəzetin yazdığına görə, redaksiya sənədləri bir alman jurnalistdən əldə edib. Alman jurnalistə isə sənədləri kimliyi açıqlanmayan şəxs ötürüb. Həmin adamın Rusiyanın Ukraynada apardığı qanlı müharibədən narazı olduğu bildirilir.
“Vaşinqton Post” sənədləri mediaya ötürmüş şəxsin açıqlamasını da dərc edib: “Mən Ukraynaya qarşı işğalçı müharibədən, baş verən dəhşətli hadisələrdən narazıyam. Ümidvaram ki, siz bağlı qapılar arxasında törədilən əməlləri də cəmiyyətə çatdırmaq üçün təqdim etdiyim məlumatlardan yararlanacaqsınız”.
“Vaşinqton Post” sənədləri dərc etməmişdən öncə Qərb kəşfiyyatçılarına və müstəqil kibertəhlükəsizlik ekspertlərinə göstərdiyini, onların sənədlərin həqiqiliyi barədə rəy verdiyini vurğulayır.
Qəzet onu da xatırladır ki, ötən il ABŞ-ın kiber təhlükəsizlik üzrə ixtisaslaşmış “Mandiant” şirkəti Rusiyanın dəstəklədiyi hakerlərin ukraynalıları ruhdan salmaq, onları öz aralarında bir-biri ilə didişməyə sövq etmək üçün dezinformasiya kampaniyalarına başladığını bildirib: “Hətta 2022-ci ildə hakerlər Rusiya hərbi hücuma keçməzdən bir neçə həftə qabaq guya Ukrayna prezidenti Vladimir Zelenskinin intihar etdiyi haqda da məlumat yaymışdı. “Mandiant”ın hesabatına görə, həmin saxta intihar xəbərini Rusiya və Belarusda fəaliyyət göstərən əməliyyatçılar yayıb, məqsəd Ukraynada və onu dəstəkləyən Qərb ölkələrində ictimai ovqatı, hökumətləri sarsıtmaq olub. “Mandiant” dezinformasiya kampaniyalarının Ukrayna hökumətinin məlumat bazalarına qarşı kütləvi kiberhücumlarla eyni vaxtda aparıldığını da aşkarlayıb”.
Lakin “Vaşinqton Post” yazır ki, Moskvanın cəhdlərinə baxmayaraq kiberhücumların çoxu Ukraynaya zərər vura bilməyib: “Çünki ABŞ və Avropa İttifaqı vaxtında Ukraynaya kibertəhlükəsəsizliyi təmin etmək üçün əhəmiyyətli dərəcədə yardım göstərib və belə hücumlar başlananda ukraynalılar onların əksərini dəf edə bilib”.
“Vaşinqton Post” dezinformasiya kampaniyalarının da mütəmadi ifşa edildiyini, bu baxımdan onların da əksərinin Moskvanın gözlədiyi effekti vermədiyni diqqətə çatdırır.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.
Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.
Mənbə: Washingtonpost.com