Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 3 aprel iclasında İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə təqdimata baxılıb. Məsələ parlamentin plenar iclasına tövsiyə olunub.
Novator.az bildirir ki, İnam İmdad oğlu Kərimov 1977-ci il iyunun 6-sı Bakıda doğulub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində oxuyub, Fransanın Strasburq Universitetində hüquq üzrə bakalavr təhsili, Sorbonna Universitetində magistr təhsili və doktor elmi dərəcəsi alıb.
Prezidentin İcra Aparatında (Prezident Administrasiyası) baş məsləhətçi vəzifəsində çalışıb, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi olub.
7 sentyabr 2012-ci ildən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri postunu tutub, 21 aprel 2018-ci ildən kənd təsərrüfatı naziridir.
Azərbaycan Konstitusiyasına görə, Ali Məhkəmənin hakimlərini prezidentin təqdimatı ilə parlament təyin edir. Sədr prezident sərəncamı ilə 5 il müddətinə təyin olunur. 2005-ci ildən Ali Məhkəməyə sədrlik edən Ramiz Rzayev 2023-cü il martın 6-da postundan ayrılıb.
Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən kommersiya və inzibati mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanı, kassasiya instansiyasıdır. Paytaxt Bakıda təşkil edilən Ali Məhkəmənin yurisdiksiyası Azərbaycanın bütün ərazisinə şamil edilir.
Ali Məhkəmənin sədri məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının üzvüdür.