Dünya mediasından
- 31 Mart 2023
- comments
- Novator.az
- Posted in Dünyanın səsiXəbər
Rusiya faktiki bütün dünyada dezinformasiya kampaniyaları aparır. Amma dünyada bu kampaniyalara qarşı ciddi mübarizə də gedir. Kremlin “qara piar” kampaniyaları vaxtaşırı ifşa olunur.
ABŞ-ın kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “Proofpoint” şirkəti Rusiyanın dezinformasiya kampaniyalarından birini ifşa edib. Məlum olub ki, Rusiyanın TA499 adlı haker qrupunun üzvləri özlərini Ukraynanın baş naziri Denis Şmıqal və ya onun köməkçisi, habelə ukraynalı deputat, yaxud Ukraynanın ABŞ-dakı səfirliyinin nümayəndəsi kimi təqdim edərək amerikalı məmurlarla, ictimai şəxslərlə video və ya audio zənglər vasitəsilə əlaqə saxlayırlar və söhbətləri lentə alırlar. Daha sonra lentə alınan danışıqlar, görüntülər redaktə olunur, əsasən “YouTube” və “Twitter” platformalarında yerləşdirilir. Məqsəd nüfuzlu şəxsləri ictimai səviyyədə istehza hədəfinə çevirməkdir.
ABŞ Dövlət Departamentinin xarici dövlətlərin dezinformasiyaları ilə mübarizə aparan qurumu – Qlobal Dialoq Mərkəzi də Kremlin dezinformasiya kampaniyalarını ifşa etməkdədir. Mərkəzin yeni hesabatında deyilir ki, Rusiya bioloji silahlar haqqında yalan məlumatlar yayır, guya Ukraynada bioloji silah hazırlayan laboratoriyaların mövcudluğu barədə kampaniya təşkil edir. Sənəddə Kremlin saxta məlumatları yaymaq üçün parlament komitəsindən, hökumətin maliyyələşdirdiyi KİV-lərdən, Rusiyanın xüsusi xidmət orqanlarına bağlı saytlardan, siyasi sifarişlə işləyən ekspertlərdən və digər vasitələrdən geniş yararlandığı bildirilir.
“TV-lərdən tutmuş “Telegram”a, “Tik-Tok”a qədər Moldovada rus dezinformasiyası tüğyan edir” – ABŞ Milli İctimai Radiosunun (National Public Radio) internet səhifəsində yerləşdirilmiş yazıda belə deyilir. Bildirilir ki, Rusiya əvvəllər də öz təsir dairəsində olan siyasətçilər, tanınmış şəxslər, sosial media fəalları vasitəsilə, necə deyərlər, ciddi analitik televiziya verilişlərindən tutmuş “TikTok”a qədər hər yerdə Moldova haqqında uydurma yaymaqla məşğul olub. 2022-ci ilin fevralında Ukraynada növbəti işğalçı müharibəyə start verəndən, Sandu hökuməti bu məsələdə Avropayönlü mövqe sərgiləyəndən sonra isə Moskva informasiya məkanını Moldova haqda saysız-hesabsız saxta məlumatla doldurmağa başlayıb. Vətəndaş cəmiyyətinin nümayəndələri, sosial media tədqiqatçıları hesab edirlər ki, Rusiya Avropa İttifaqı üzvlüyünə can atan bu postsovet ölkəsində – Moldovada sabitliyi pozmağa çalışır. Məqsəd Moldovanı Moskvanın orbitində saxlamaq, Qərbə inteqrasiyadan məhrum etməkdir.
Putin Ukrayanda müharibəyə başlayandan sonra Rusiyada senzura daha sərt xarakter alıb. Rusiya prezidenti qan tökülməsinə qarşı çıxan hər kəsi, o cümlədən ictimai-siyasi fəalları, hüquq müdafiəçilərini, jurnalistləri, incəsənət xadimlərini susdurmaqla məşğuldur. Lakin susmayanlar da var. “Vaşinqton Post” qəzetinin Moskva bürosunun rəhbəri Robin Dikson yazır ki, Rusiyada müharibə əleyhinə gizli rəsm sərgiləri fəaliyyət göstərir. Robin Dikson həmin sərgilərdən birinə baş çəkib. O, sərginin Sankt-Peterburq şəhərində bir evdə təşkil olunduğunu, bələdçilərlə hava qaralanda dinməzcə avtobus dayanacağında görüşdüyünü, xüsusi xidmət orqanları izləyə bilməsin deyə bələdçilərin ona telefonu söndürmək, yolda az danışmaq, mənzilə qalxanda pilləkənlərlə düşən olsa kəlmə kəsməmək kimi tapşırıqlar verdiyini yazıb. Robin Dikson bütün bunların ona sovet dövründə hakim ideologiya ilə uyuşmadığına görə evlərdə, emalatxanalarda təşkil edilən məxfi rəsm sərgilərini xatırlatdığını bildirib. Jurnalist sərgidə həbsdə olan fəalların, siyasi dustaqların şəkillərini, Rusiyanın Ukrayna təcavüzünə etiraz ruhlu rəsmləri, prezident Putinin şər fiqur kimi təsvir olunduğu əsərləri seyr edib.
“The Telegraph” qəzetində “Putinin müharibəsinə görə Rusiya bir milyona yaxın gənc kişisini itirib” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Britaniya ordusunun veteranı, “Civitas” müstəqil analitik mərkəzinin müdafiə və təhlükəsizlik bölməsinin rəhbəri Robert Klarkdır. O, yazır: “2022-ci il fevralın 24-dən döyüş meydanında verdiyi hədsiz itkiləri və yüz minlərlə gəncin səfərbərlikdən yayınmaq üçün ölkədən baş alıb getdiyini nəzərə alanda Rusiyanın bu müharibədə kişi cinsindən olan bir milyona yaxın gənc insanını itirdiyini söyləmək mümkündür”. Müəllif xatırladır ki, ötən il Putinin Ukraynada “ət maşınına” atılacağından ehtiyatlandığına görə kişi cinsindən olan 700 minə yaxın rusiyalı gənc ölkəni tərk edib, yəni faktiki səfərbərlikdən yayınıb: “Bu, Putinin ağılsız müharibəsi nəticəsində Rusiyanın ümumilikdə bir milyona yaxın gənc insanını itirməsi deməkdir. 2022-ci ilin yanvarına, müharibədən bir ay əvvələ olan statistikaya görə, Rusiyada hərbi xidmətə yararlı 7,5 milyon gənc kişi olub. Cəmisi bir il ərzində bu rəqəm 6,5 milyona düşüb. Müharibə indiki templə davam etsə, Rusiyada qalan kişilər arasında cavan adam tapmaq çətin olacaq”.
“Rusiya Ukraynaya əsasən quruda hücuma keçir. Amma istər Kiyev, istərsə də Moskva üçün Qara dəniz də mühüm əhəmiyyət kəsb edən bir döyüş meydanıdır”. “Nyu-York Tayms” qəzetin beynəlxalq məsələlər üzrə əməkdaşı Metyu Mpuk Biqqin məqaləsində belə deyilir. Bildirilir ki, son aylar Rusiya hərbi gəmilərindən Ukraynaya, bəzən yüz kilometrlərlə uzaqda yerləşən hədəflərə neçə-neçə qanadlı raket buraxılıb, Ukraynanın şəhərlərində, enerji infrastrukturunda böyük dağıntılar törədilib. Lakin Ukrayna da cavabsız qalmayıb. 2022-nin aprel ayında Ukrayna raket zərbəsi ilə Qara dənizdə Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Moskva” gəmisini batırıb. Həmin ilin oktyabrında Krımı Rusiya ilə birləşdirən, Kerç boğazından keçən körpüdə partlayış törədilib. Noyabrda Ukraynanın dəniz dronundan – uzaq məsafədən idarə olunan qayıqdan istifadə edərək Sevastopol limanında Rusiya Hərbi Dəniz Donanmasına hücum çəkdiyi də deyilir.
2015-ci ildə Böyük Britaniya hökuməti özəl şirkətlərin rəhbər heyətlərində etnik azlıqların təmsil olunmamasına son qoyulması üçün iş aparmağa başlayıb. Həmin vaxtdan əsas şirkətləri idarə edən komandalarda etnik azlıq nümayəndələrinin təmsil olunub-olunmadığı təftiş edilir. Bu təftişə rəhbərlik məşhur iş adamı Con Parkerə həvalə olunub. “Financial Times” qəzetinin yazdığına görə, “Parker tədqiqatı” üzrə son hesabat göstərib ki, Böyük Britaniyada özəl şirkətlərin etnik azlıq nümayəndələrini rəhbər postlara təyin etməsi istiqamətində irəliləyiş var. Hazırda London Fond Birjasında qeydə alınmış ən yaxşı 100 şirkətin 96-da direktorlar şurası üzvlərinin azı biri etnik azlıq nümayəndəsidir. Bir il əvvəl həmin şirkətlərin 89-da direktorlar şurası üzvləri arasında etnik azlıq nümayəndəsi var idi.
ABŞ hökumətinin maliyyə dəstəyi verdiyi “Azad Asiya” radiosunun (“Radio Free Asia”) internet səhifəsində Çin hakimiyyətinin müsəlman uyğurlara qarşı repressiyasından bəhs edən məqalə dərc olunub. “Uşaqlarını dini məktəbə göndərdiyinə görə 21 il həbs cəzası almış uyğur qadın” başlıqlı məqalənin müəllifi uyğur əsilli jurnalist Şöhrət Hoşurdur. Şöhrət Hoşur Çində uyğurların kompakt yaşadığı, rəsmən Sincan Uyğur Muxtar Rayonu (bəzən qısaca olaraq Sincan) adlandırılan, tarixi adı Şərqi Türküstan olan bölgədəndir. Hakimiyyətlə problemlərinə görə 1994-cü ildə Çini tərk edib, hazırda Vaşinqtonda “Azad Asiya” radiosunda çalışır. Şöhrət Hoşur yazır: “Çinin şimal-qərbində yerləşən Sincan bölgəsinin sakini, evdar qadın Ayişəmxan Abdulla 20 il qabaq üç yeniyetmə uşağını yerli dini məktəbə göndərəndə ağlına da gətirməzdi ki, bu, onun 21 il müddətinə azadlıqdan məhrum edilməsi ilə nəticələnəcək”. Məqalədə bildirilir ki, Gülcə (Çin dilində İnin) rayonunun Qarayağac qəsəbəsinin sakini Ayişəmxan Abdullanı vaxtilə uşaqlarını ev şəraitində fəaliyyət göstərən dini məktəbə göndərdiyi üçün 2017-ci ildə tutub 21 il müddətinə azadlıqdan məhrum ediblər: “Hakimiyyət Ayişəmxanın uşaqlarını da düşərgəyə aparıbmış. Uşaqlar bir ildən çox düşərgədə saxlanandan sonra sərbəst buraxılıblar”.
2022-ci ilin oktyabrında 150 futbolçu FİFA-ya müraciət edərək futbol üzrə dünya çempionatlarında qadın oyunçular üçün bərabər şərait yaradılmasını istəmişdi. Müraciət bəhrəsini verib. 2023-cü ildə qadınlar arasında dünya futbol çempionatının mükafat fondu 150 milyon dollar olacaq. “Reuters” agentliyi bildirir ki, bu, 2015-ci illə müqayisədə on dəfə, 2019-cu illə müqayisədə üç dəfə çoxdur. FİFA prezidenti Canni İnfantino bəyan edib ki, dünya çempionatlarında gender bərabərliyinə riayət edilməsi vacibdir.