AXCP funksioneri Zamin Salayev aclıq aksiyası boyu 37 kiloqram arıqlayıb. Martın 28-i Bakı İstintaq Təcridxanasında Zamin Salayevə baş çəkən vəkil Nemət Kərimli “Turan”a belə deyib. Onun sözlərinə görə, cəbhəçinin durumu kəskin pisləşib: “Zamin sərbəst yeriyə bilmir, mənimlə görüşə qolundan tutub gətirdilər, ancaq hələ də hər hansı tibbi yardım almır”.
Novator.az bildirir ki, Zamin Salayev AXCP Salyan şöbəsinin sədridir. O, fevralın 7-si Bakının Lökbatan qəsəbəsində tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də qərarı qüvvədə saxlayıb.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir.
AXCP sədri Əli Kərimli yazır ki, Zamin Salayev həyatı bahasına azadlıq mübarizəsi aparır: “Hüququn tapdalandığı, çarələrin bitdiyi yerdə, dörd divar arasında mübarizəsini davam etdirir. Mən Zamin bəyin aclıq aksiyasını dayandırmasını, həyatını qorumasını istəyirəm. Ancaq Zamin bəyin azadlıq eşqi, azadlıq mübarizəsi möhtəşəmdir, iradəsi yenilməzdir. Bu azadlıq eşqi, bu dəmir iradə hər cür hörmətə layiqdir. Xalqımızın belə oğullarının olması bizim bütövlükdə bir xalq olaraq iradəmizi ortaya qoya biləcəyimizə inam yaradır.
Bu gün isə Zamin bəyi xilas etmək lazımdır. Zamin bəyin xilası hamının gündəmi olmalıdır. Rejimdən Zamin bəyi azad etməyi hamımız birlikdə tələb etməliyik. İsrarla tələb etməliyik”.
Cəbhəçi 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb. Həmin həbsdən bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovu bir qadına münasibətdə qanunazidd hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi
Zamin Salayev qərarından dönmür
Zamin Salayev 8 kiloqram arıqlayıb
Əli Kərimli: “Biganə qalmamalıyıq”
Zamin Salayev oğluna nədən gileylənib?
Əli Kərimli Zamin Salayevə müraciət edib