Müxalif siyasətçilər Milli Məclisin deputatı Fazil Mustafaya qəsdə münasibət bildirib. Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, Fazil Mustafanın dini məsələlərə aid fərqli fikirlərini açıq ifadə etməkdən çəkinməyən siyasətçi olduğu hər kəsə bəllidir: “Bu fakt və Fazil bəyin sosial mediada açıq təhdid edilməsi ona qarşı terror sifarişinin ünvanını müəyyən etmək üçün ciddi ip ucları verir. Hadisə dövlət səviyyəsində hərtərəfli araşdırılmalı, terrorun sifarişçiləri və icraçıları tapılaraq ciddi cəzalandırılmalıdır. Əks halda belə hadisələrə son qoyulmayacaq və bütün ölkəni əhatə edərək daha geniş miqyas alacaq”.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu qeyd edir ki, Fazil Mustafaya qəsd Azərbaycanda sabitliyin pozulmasına, əhali arasında təşviş salmağa, dinlər və məzhəblər arasında qarşıdurma yaradılmasına yönəlib: “Ölkədə təkbaşına idarəçiliyin hökm sürdüyü, xarici siyasətdə diplomatiyanın arxa plana keçdiyi, dövlət orqanlarında korrupsiyanın tüğyan etdiyi halda heç kəs belə hadisədən sığortalana bilməyəcək. Əhalini ayıq-sayıq olmağa, hüquq mühafizə və xüsusi xidmət orqanlarını terrorun təşkilatçıları və icraçılarını tezliklə tapıb cəzalandırmağa çağırıram.
Hadisənin İsraildə Azərbaycan səfirliyinin təntənəli açılış mərasimindən bir gün öncə baş verməsini təsadüfi saymıram. Terrorun Azərbaycanın təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi münasibətilə keçirilən tədbirdə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin “Azərbaycana qonşu olan bəzi dövlətlərin xüsusi xidmət orqanlarının təxribatlarının qarşısı qətiyyətlə alınır” açıqlamasından bir neçə saat sonra baş verməsi də diqqətə alınmalıdır”.
Martın 28-i axşam Bakıda, Zabrat qəsəbəsindəki evinin yaxınlığında Fazil Mustafaya avtomat silahdan atəş açılıb. Çiynindən və ayağından iki güllə yarası alan Fazil Mustafa Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub və təhlükəsizliyinin təşkil olunması məqsədilə hüquq mühafizə qurumlarından birinin hospitalına köçürülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Fazil Mustafa 1965-ci ildə Naxçıvan şəhərində doğulub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Azərbaycan Xalq Cəbhəsi (AXC) sədrinin müşaviri, AXC Analitik Mərkəzinin rəhbəri, Prezident Aparatının dövlət-hüquq şöbəsinin müdiri, AXC sədrinin Türkiyə təmsilçisi olub. 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası parçalananda “klassiklər” qanadında fəaliyyət göstərib.
2003-cü ildən Böyük Quruluş Partiyasının başqanıdır.
2005, 2010, 2015 və 2020-ci illərdə Milli Məclisin deputatı seçilib.
2008-ci ilin prezident seçkisində dövlət başçısı postuna namizəd olub.
Parlamentin mədəniyyət komitəsinin sədr müavinidir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Fəlsəfə üzrə fəlsəfə doktorudur. Bir çox kitabın müəllifidir.