Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İlham Əliyevin köməkçisi Anar Ələkbərov martın 29-da Milli Məclisin deputatı Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.
Deputata dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın şəfa diləklərini çatdıran Anar Ələkbərov deyib ki, prezident onun tezliklə sağalması üçün bütün zəruri tədbirlərin görülməsini tapşırıb, terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılmasına göstəriş verib.
Fazil Mustafa minnətdarlığını bildirib, hadisənin onu sarsıtmadığını vurğulayıb, dövlətçilik ideyalarına sadiq qalacağını və heç nəyin onu bu yoldan çəkindirə bilməyəcəyini deyib.
Martın 28-i axşam Bakıda, Zabrat qəsəbəsindəki evinin yaxınlığında Fazil Mustafaya avtomat silahdan atəş açılıb. Çiynindən və ayağından iki güllə yarası alan Fazil Mustafa Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub və təhlükəsizliyinin təşkil olunması məqsədilə hüquq mühafizə qurumlarından birinin hospitalına köçürülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
1965-ci il təvəllüdlü Fazil Mustafa Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Azərbaycan Xalq Cəbhəsi (AXC) sədrinin müşaviri, AXC Analitik Mərkəzinin rəhbəri, Prezident Aparatının dövlət-hüquq şöbəsinin müdiri, AXC sədrinin Türkiyə təmsilçisi olub. 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası parçalananda “klassiklər” qanadında fəaliyyət göstərib.
2003-cü ildən Böyük Quruluş Partiyasının başqanıdır.
2005, 2010, 2015 və 2020-ci illərdə Milli Məclisin deputatı seçilib.
Parlamentin mədəniyyət komitəsinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.