Məsim Əhməd oğlu Məmmədov prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilib. Dövlət başçısı İlham Əliyev sərəncamı martın 28-də imzalayıb.
AZƏRTAC-ın məlumatına görə, martın 28-də Məsim Məmmədovu qəbul edən İlham Əliyev deyib ki, Laçın rayonunun təhlükəsizliyinin qorunması, oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması əsas vəzifələrdən biridir: “Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar, başa çatmaq üzrədir. Heç vaxt olmamış yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda hərbi mövqelərə gedən yollar salınıb. Biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar”.
Dövlət başçısı qeyd edib ki, iki ildən çoxdur Laçın rayonunun bərpası ilə bağlı işlər aparılır, amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan icra edilir: “Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya dağıdılmış evlər bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.
Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə də start vermişik. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək.
Güləbird və Qorçu kəndlərinin baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində 1300 insanın yerləşməsi nəzərdə tutulur.
Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur.
Siz mənim xüsusi nümayəndəm kimi dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələrini mərkəzi icra orqanları icra edir. Eyni zamanda siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz”.
Novator.az bildirir ki, işğaldan azad olunmuş ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri 19 yanvar 2021-ci ildə yaradılıb.
Aydın Kərimov Şuşa rayonunda, Emin Hüseynov Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla), Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndədir.
Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş əraziləri Ağdam, Füzuli, Xocalı, Xocavənd, Tərtər rayonlarının bir hissəsini əhatə edir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.