İsrailin baş naziri Benyamin Netanyahu martın 27-si axşam xalqa müraciətində məhkəmə islahatı təklifini təxirə salmaq qərarına gəldiyini bəyan edib.
Novator.az bildirir ki, parlamentdə ilk oxunuşdan keçmiş qanun layihəsi hakim çoxluğa Ali Məhkəmə hakimlərinin təyinatında əlavə səlahiyyətlər verilməsini, Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək imkanından məhrum olunmasını nəzərdə tutur.
İsrail cəmiyyəti layihəni kəskin etirazla qarşılayıb, bir neçə aydır ölkəni aksiya və tətillər bürüyüb.
Son günlər prezident İshaq Hersoq və bəzi hökumət üzvləri də məhkəmə sisteminin islahatını dayandırmağa çağırış edib.
AXCP sədri Əli Kərimli yazır ki, İsrail xalqı dünyanın ən çətin coğrafiyasında özünə demokratik dövlət qurub: “Parlamentlərini, hökumətlərini seçir, dəyişir, onun hüquq və azadlığını heç kim məhdudlaşdırmır. İsrailin güclü, müasir, sabit inkişaf edən iqtisadiyyatı var. Şəxsi rifahları çox yüksəkdir. Səhiyyə, təhsil, sosial müdafiə sistemləri, hərbi sənayeləri dünyada ən yaxşılardandır.
Son aylarda İsrail hökuməti məhkəmə sistemində dəyişiklik etmək istədi. Ancaq xalqın böyük hissəsi hesab etdi ki, hökumətin islahat kimi təqdim etdiyi dəyişikliklər məhkəmə sisteminin müstəqilliyini azaldacaq və ali icra orqanı üzərində nəzarəti zəiflədəcək.
Məhz bu səbəbdən – məhkəmələrin müstəqilliyinə xələl gəlməsin deyə 100 minlərlə israilli küçə və meydanlara axışdı. Etirazlar aylarla davam etdi. Xalqın bütün təbəqələri bu etirazlara qoşuldu. Nəhəng mitinqlər ümummilli tətillərə keçdi.
Nəhayət, hökumət xalqın tələbləri qarşısında geri addım atmalı oldu. İsrail xalqı məhkəmələrinin müstəqilliyinə xələl gəlməsinə imkan vermədi. Hamılıqla mübarizə apardı və bacardı.
İsrail xalqı daha uğurlu, daha yaxşı inkişaf edən, hüquq və azadlıqların daha yaxşı qorunduğu dövlət qurmanın sirrini bütün dünyaya bir daha açıqlamış oldu. Bəli, daha yaxşı dövlət qurmaq üçün məsuliyyətli vətəndaş olacaqsan. Hüquq və azadlığını özündən güclü qüvvətdən müdafiə etməyi bacaracaqsan, çətinlik qarşısında ruhdan düşməyəcəksən, haqq tələb etməkdən yorulmayacaqsan, hüquqlarının əlindən alınması ilə heç vaxt barışmayacaqsan və sonda bacaracaqsan!”
Benyamin Netanyahunun baş nazirliyi ilə qurulan hökumət 2022-ci il dekabrın 29-u parlamentdən mandat alaraq fəaliyyətə başlayıb.
Noyabrın 1-də keçirilmiş parlament seçkisində Benyamin Netanyahunun liderlik etdiyi Likud Partiyası 120 nəfərlik qanunverici orqana 32 mandat əldə edib. Hökumət qurmaq üçün azı 61 mandat gərək olduğu üçün koalisiyaya gedilib, Likuda parlamentdə təmsil olunan 5 siyasi qüvvə də dəstək verib.
1949-cu il təvəllüdlü Benyamin Netanyahu 1996-1999 və 2009-2021-ci illərdə hökumət başçısı olub.