Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin “Xarici İşlər Nazirliyi” Prezident Administrasiyasına cavab verib. Martın 28-də yayılan açıqlamada qeyd olunur ki, Azərbaycan rəsmiləri ilə hər hansı görüş Qarabağ ərazisində və Rusiya sülhməramlılarının vasitəçiliyi ilə mümkündür.
Prezident Administrasiyası martın 27-də rəsmi məlumat yayaraq bir daha Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini danışığa çağırmış, görüşün aprelin birinci həftəsi paytaxt Bakıda keçirilməsi təklif olunmuşdu.
Novator.az bildirir ki, Azərbaycanın Qarabağda yaşayan ermənilərlə təmaslar üzrə məsul şəxsi deputat Ramin Məmmədovdur.
Martın 1-i Ramin Məmmədov Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Xəbərə görə, görüşdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Yuxarı Qarabağdakı işğalçı rejim erməni nümayəndə heyətinə “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyanın başçılıq etdiyini açıqlayıb. Rejim iddia edib ki, Xocalı görüşündə humanitar məsələlər müzakirə olunub.
Martın 13-də Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini Bakıda görüşə dəvət edib, işğalçı rejimin “Xarici İşlər Nazirliyi” buna razılıq verməyib.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Qarabağ erməniləri ilə danışıqlar başladı
İşğalçı rejim 1 mart görüşündən bilgi yayıb
Qarabağ erməniləri Bakıya dəvət olundu