İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu bank sistemindən yazıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, ölkənin ən böyük üç bankı – Azərbaycan Beynəlxalq Bankı, “Paşa Bank”, “Kapital Bank” bazar payını artırır, bu da bank bazarında inhisarçılığın artdığını göstərir: “Ötən il 2019-cu illə müqayisədə ən böyük üç bankın aktivlər üzrə bazar payı 9 faiz bəndi artaraq 65 faizə, depozit portfeli üzrə bazar payı 13 faiz bəndi artaraq 70 faizə, kredit portfeli üzrə bazar payı 8 faiz bəndi artaraq 48 faizə çatıb. Bankların illik mənfəətinin təxminən dörddə üçü də məhz bu üç banka çatır. Hər üç bank hakim ailənin nəzarətindədir.
İnhisarçılıq bütün sahələrdə olduğu kimi bank sektorunda da Azərbaycanı inkişafdan saxlayır. 2021-ci ildə bank aktivlərinin ümumi daxili məhsulda payı Ermənistanda 76,9 faiz, Gürcüstanda 76,5 faiz, Azərbaycanda 25,1 faiz olub. Azərbaycan həmin göstərici üzrə postsovet məkanında yalnız Tacikistanı qabaqlayıb”.