Novator.az Qazaxıstan Məclisində qüvvələr nisbətinə nəzər salıb.
Parlamentin aşağı palatası olan Məclisə seçki martın 19-da keçirilib. 69 deputat proporsional üsulla (partiya siyahıları üzrə), 29 deputat majoritar üsulla (dairələrdən) seçilib.
Rəsmi hesabata görə, hakim Amanat Partiyası 98 nəfərlik Məclisdə 62, Xalq Demokrat Partiyası 8, Respublika Partiyası 6, Demokrat Partiyası 6, Xalq Partiyası 5, Sosial Demokrat Partiyası 4 yer götürüb, 7 mandat partiyasız şəxslərə qismət olub.
Qazaxıstan hökuməti prezident və parlament qarşısında cavabdehlik daşıyır. Yeni seçilmiş Məclis fəaliyyətə başlayanda hökumət istefa verir. Prezident baş naziri Məclisin razılığı ilə təyin edir.
Yuxarı palata – Senat vilayətlərin, respublika tabeli şəhərlərin və paytaxtın hər birindən iki təmsilçidən və prezidentin təyin etdiyi 10 nəfərdən ibarətdir.
Martın 19-da yerli məclislərə də seçkilər keçirilib.
2019-cu il martın 20-də prezident Nursultan Nazarbayev istefa verib, parlamentin yuxarı palatası olan Senatın sədri Qasım-Comərd Tokayev dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlib.
2022-ci ildə konstitusiya yenilənib, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, bir dəfədən artıq seçilməyə yasaq qoyulub, sentyabrın 21-də növbədənkənar seçki qərarı verilib. Noyabrın 20-də keçirilmiş seçkini Qasım-Comərd Tokayev udub.
Prezident 2023-cü il yanvarın 19-da parlamentin aşağı palatasının və bütün yerli məclislərin buraxılması ilə bağlı fərmanlar imzalayıb, martın 19-na növbədənkənar seçkilər təyin olunub.