Müdafiə Nazirliyinin 25 mart məlumatına görə, son günlər Ermənistandan Rusiya hərbi kontingentinin yerləşdiyi Yuxarı Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, hərbi təyinatlı başqa vasitələrin daşınması intensivləşib, bəzi dağlıq və torpaq ərazilərdən yeni yolların çəkilməsi, köhnə cığırların genişləndirilməsi işləri aparılır: “Azərbaycan Ordusunun texniki müşahidə vasitələri Xankəndi-Xəlfəli-Turşsu və Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsini qeydə alıb. Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə lokal nəzarət tədbirləri həyata keçirib”.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” şirkətinin nümayəndələri keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinq aparmaq istəyir. Bu məsələ Rusiya hərbi qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla keçirilmiş görüşlərdə müzakirə olunub, ancaq ermənilər Azərbaycan nümayəndələrinin yataqlara baş çəkməsini əngəlləyib. 2022-ci il dekabrın 12-dən azərbaycanlı fəallar Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığında oturaq aksiya keçirərək Azərbaycan nümayəndələrinin yataqlara baş çəkməsinə şərait yaratmaq tələbi qoyub.
2023-cü il martın 5-də Azərbaycan Ordusunun bölmələri Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Ermənistandan qanunsuz hərbi daşımalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsini saxlayaraq yoxlamağa cəhd göstərib, atışma düşüb, Azərbaycanın iki hərbçisi şəhid olub, biri yaralanıb, qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilib, biri yaralanıb.