Prezident İlham Əliyev martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olub. AZƏRTAC xəbər verir ki, dövlət başçısı kənddə Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib: “Üçüncü dəfədir Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq”.
İlham Əliyev qeyd edib ki, İkinci Qarabağ müharibəsi Ermənistana dərs olmayıb: “Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz.
Otuz il ərzində Ermənistan və onun havadarları, onun arxasında duran müttəfiqləri bizi haqq işimizdən çəkindirmək üçün müxtəlif imkanlardan, müxtəlif vasitələrdən istifadə etməyə çalışırdılar, bizi mənasız danışıqlarla yormaq istəyirdilər, bizi işğalla barışdırmaq istəyirdilər.
İndi Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra görün bizə qarşı nə qədər ədalətsiz addımlar atılır, nə qədər çirkin əməllər törədilir. Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər. Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edirlər. Bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar. Bu nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox, dondurmaq idi.
İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər oldu, Ermənistana nə qədər yardımlar göndərildi. Hər gün silahlarla dolu bir neçə yük təyyarəsi göndərilirdi, xarici ölkələrdən muzdlular göndərilirdi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. Heç kim bizim qabağımızda dura bilmədi. Mən demişdim ki, öldü var, döndü yoxdur, ya Qarabağın azadlığı, ya ölüm! Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək. Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər ordumuz cavab verəcək”.
Dövlət başçısı deyib ki, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib: “Artıq Talış kəndinə 20 ailə qayıdıb və 180-ə yaxın ailə qayıdacaq. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq biz öz ərazimizdə qurub-yaradırıq.
Bu gün “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir xeyri olmayacaq. Ermənistanın 29 min kvadrat kilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadrat kilometr ərazidə rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik”.
Talış kəndi 1992-ci ildə ləğv edilən Ağdərə rayonunun kəndi olub. Kənd 2020-ci ilin Vətən müharibəsində azad edilib.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri yer alır.