Vəkil Nemət Kərimli martın 17-də Bakı İstintaq Təcridxanasına baş çəkərək cəbhəçi məhbus Zamin Salayevlə görüşüb. Novator.az-a danışan vəkil deyib ki, Zamin Salayevin səhhəti çox ağır ağırdır, amma ona hələ də heç bir tibbi yardım göstərilmir: “Aclıq müddətində 26 kiloqram çəki itirən Zaminin ürəyində və böyrəyində kəskin ağrılar var. Nə qədər təkid etsək də, aksiyanı dayandırmaq istəmir”.
Nemət Kərimli əlavə edib ki, Zamin Salayevin ev dustaqlığına buraxılması üçün verilmiş vəsatətə Qaradağ Rayon Məhkəməsinin nə vaxt baxacağı bilinmir.
Ev dustaqlığı qətimkan tədbiri yaşayış yerini, müəyyən ərazi hüdudlarını tərk etməmək kimi şərtlər nəzərdə tutur.
Zamin Salayev AXCP Salyan şöbəsinin sədridir.
Martın 17-də özünün “Facebook” səhifəsində çağırış yayan AXCP sədri Əli Kərimli yazır ki, Zamin Salayev hər gün həyatını itirə bilər: “Zamin Salayev ölkə miqyaslı siyasətçi olmasa da, xalqımız onu tanıyır. Həm də xalqın bağrından çıxmış, cəsarətlə həqiqətləri deyən, hüququ pozulan hər bir azərbaycanlı üçün sinəsini qabağa verən mərd bir insan kimi tanıyır. Belə bir adamın həbsxanada öldürülməsini xalq sizə bağışlamaz. Başınıza bəla açmayın, Zamin bəyi azad edin”.
Zamin Salayev fevralın 7-si Bakının Lökbatan qəsəbəsində tutulub. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. Cəbhəçi Cinayət Məcəlləsinin silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də qərarı qüvvədə saxlayıb.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir.
Cəbhəçi 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb. Həmin həbsdən bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovu qanunazidd hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi
Zamin Salayev qərarından dönmür
Zamin Salayev 8 kiloqram arıqlayıb
Əli Kərimli: “Biganə qalmamalıyıq”
Zamin Salayev oğluna nədən gileylənib?