Hüquq müdafiəçisi Rüfət Səfərov martın 15-i axşam saat 8 radələrində hücuma məruz qalıb. Hadisə Bakıda, Binəqədi rayonunun Cəfər Xəndan küçəsində baş verib. Məlumata görə, avtomobil dayanacağında Rüfət Səfərova yaxınlaşan şəxs onu müharibə veteranlarının yerində maşın saxlamaqda günahlandırıb, kobud ifadələr işlədib və vurub.
Rüfət Səfərov bildirir ki, avtomobilini çoxdan eyni yerdə saxlayır, heç kimin yerinə girməyib.
Hadisədən dərhal sonra Rüfət Səfərov polisə şikayət edib.
Martın 16-da Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hücumda şübhəli bilinən 1961-ci il təvəllüdlü Məmmədxan Nəcəfovu saxlayıb.
Özünün “Facebook” səhifəsində açıqlama yayan Rüfət Səfərov hadisənin siyasi xarakter daşımadığına inanmaq istədiyini vurğulayıb: “Hərçənd fəaliyyətim elədir ki, siyasi ağırlıqlı təxribat versiyası da mümkündür”.
Rüfət Səfərov hüquqşünasdır. 2015-ci ilin dekabr ayında o, baş prokurora ərizə yazaraq ölkədə kütləvi ədalətsizliyin baş alıb getdiyini vurğulayıb və Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib.
Baş Prokurorluq isə bəyan edib ki, Rüfət Səfərov vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub. Bunun ardınca Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi sabiq müstəntiqə cinayət işi qaldırıb. 2016-cı il sentyabrın 8-də Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq müstəntiq rüşvət almaqda təqsirli bilinib.
2019-cu il martın 17-də Rüfət Səfərov əfv sərəncamı əsasında azadlığa buraxılıb.
2020-ci il iyulun 20-də bir qrup hüquqçu və ictimai fəalla birgə Müdafiə Xətti adlı hüquq müdafiə təşkilatı yaradan Rüfət Səfərov qurumun icraçı direktoru seçilib.