Avropa İttifaqının təmsilçi orqanı olan Avropa Parlamenti martın 15-də “Avropa İttifaqı – Azərbaycan” adlı hesabatı müzakirə edib. AXCP sədri Əli Kərimli yazır ki, hesabatda insan hüquqları məsələsinə xüsusi diqqət verilib və Azərbaycan dövlətinə bu tələblər qoyulub:
– bütün siyasi məhbusların azad edilməsi;
– sərbəst toplaşmaq azadlığının təmin olunması;
– müxalif siyasi partiyaların fəaliyyətini daha da məhdudlaşdırmaq məqsədilə qəbul edilmiş “Siyasi partiyalar haqqında” mürtəce qanunun dəyişdirilməsi;
– mətbuat azadlığını daha da məhdudlaşdırmaq məqsədilə qəbul edilmiş “Media haqqında” mürtəce qanunun dəyişdirilməsi, söz və ifadə azadlığının təmin edilməsi;
– məhkəmə islahatı aparılması, məhkəmələrin siyasi sifariş yerinə yetirməməsi;
– korrupsiya ilə ciddi mübarizə aparılması;
– beynəlxalq standartlara uyğun demokratik seçki keçirilməsi.
Sənəddə Azərbaycanda insan hüquqlarını pozan vəzifəli şəxslərə qarşı ünvanlı sanksiyalar tətbiq edilməsinə çağırış da yer alır.
Əsası 1957-ci ildə qoyulan Avropa İttifaqı 27 ölkəni birləşdirir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Azərbaycan Avropa İttifaqının 2009-cu ildə elan olunan Şərq tərəfdaşlığı proqramının üzvüdür. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Hazırda strateji tərəfdaşlıq sazişi üzərində iş gedir.