Sabiq siyasi məhbus Məmməd Əzizov dövlətdən 100 min manat təzminat istəyir.
2013-cü ildə Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Şahin Novruzlu, Bəxtiyar Quliyev, İlkin Rüstəmzadə ilə birgə tutulan 1992-ci il təvəllüdlü Məmməd Əzizov 2014-cü ildə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Əsasən kütləvi iğtişaş cəhdində təqsirli bilinən fəal 2016-cu il martın 17-də əfv edilib.
Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatı Məmməd Əzizovu siyasi məhbus sayıb.
Avropa İnsan Hüquqları Məhkəməsi fəalın şikayəti üzrə 2021-ci il fevralın 18-də açıqladığı qərarda onun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş hüquqlarının pozulduğunu bəyan edib, Azərbaycan dövlətinə 21 min 500 avro cərimə kəsib.
2022-ci il sentyabrın 30-da Ali Məhkəmənin Plenumu Məmməd Əzizova bəraət verib.
Nəsimi Rayon Məhkəməsinə müraciətində fəal ona dəymiş mənəvi zərər əvəzi 100 min manat təzminat tələb edib. 2023-cü il martın 15-də məhkəmə dövlətin ona 36 min manat təzminat ödəməsi barədə qərar çıxarıb, ancaq fəal məbləği yetərli saymır, apellyasiya şikayəti vermək fikrindədir.