Almaniya kansleri Olaf Şolts martın 14-ü Berlində Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında “Qarabağ Azərbaycandırmı” sualına kəsə cavab verməkdən yayınıb.
AZƏRTAC-ın yaydığı xəbərə görə, Olaf Şolts bəyanatında ölkəsinin Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsində maraqlı olduğunu deyib: “Almaniya Ermənistan-Azərbaycan sərhədində qeyri-sabit duruma görə bir az narahatdır. Gərginliyin artması təhlükəsi mövcuddur və son aylar, son həftələr baş verən hadisələr bunu göz qabağına gətirdi. Arzumuz budur ki, bu münaqişə qısa bir zamanda uzunmüddətli və qəbul olunan həllini tapsın. Onu nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda hər iki ölkənin əhalisinin insan hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun olmalıdır”.
İlham Əliyev bəyanatında qeyd edib ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalıb: “Torpaqlarımızın 20 faizə yaxını işğal altına düşmüş və bir milyon azərbaycanlı öz doğma torpaqlarından qovulmuşdu. Biz iki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi, ərazi bütövlüyümüzü, hüquqlarımızı döyüş meydanında bərpa etdik.
2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-i Şuşada qoyduq”.
Azərbaycanın “Real” Televiziyasından Kamran Qasımovun kanslerə sualı belə olub: “Martın 2-də Ermənistanın baş naziri ilə keçirilən mətbuat konfransında bildirdiniz ki, münaqişə Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü, eləcə də Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ əsasında həll oluna bilər və bu prinsiplər hamı üçün eynidir. Bu prinsiplər Cənubi Osetiya, Abxaziya, Donbas, Dnestryanı kimi ərazilərə də şamil oluna bilərmi, şamil olunurmu?”
Olaf Şolts Rusiyanın Ukraynaya təcavüzündən misal çəkib: “Yalançı referendumların nəticəsi kimi Zaporojyeni, Luqanskı, Xersonu və digər hissələri özünə cəlb etməklə deyil, yəni zəbt etməklə deyil. Biz bununla razı deyilik və öz mövqeyimizi aydın şəkildə bildirdik ki, BMT-nin nizamnaməsi buna yol vermir, bu hərəkət beynəlxalq hüquqa ziddir.
Eyni zamanda biz həmçinin Dağlıq Qarabağı respublika kimi qəbul etmədik, Dağlıq Qarabağı da tanımadıq”.
Jurnalistin növbəti sualı belə olub: “Qarabağ Azərbaycandırmı? Siz dediniz Dağlıq Qarabağı respublika kimi tanımırsınız. Qarabağ Azərbaycandırmı?”
Olaf Şolts kəsə cavab verməyib: “Almaniya hələ o vaxt beynəlxalq səviyyədə öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımayıb. Yəni bununla da öz mövqeyini bildirib”.
Parlament idarə üsullu Almaniyada kansler hökumət başçısı sayılır. Olaf Şolts 2021-ci il dekabrın 8-dən kansler postunu tutur.
Novator.az bildirir ki, 1958-ci il təvəllüdlü Olaf Şolts hüquqşünasdır. Əvvəllər əmək və sosial məsələlər naziri, vitse-kansler və maliyyə naziri postlarını tutub.