Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının fövqəladə zirvə görüşündə iştirak üçün martın 15-də Türkiyəyə gedib. AZƏRTAC xəbər verir ki, paytaxt Ankaranın Esenboğa hava limanında dövlət başçısını rəsmi şəxslər qarşılayıb.
İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla görüşdüyü bildirilir.
Türk Dövlətləri Təşkilatının əsasını 2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qoyub. 2019-cu il sentyabrın 14-dən Özbəkistan da qurumun üzvüdür.
Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatında müşahidəçidir.
Qurumun fövqəladə sammiti Türkiyəni vuran təbii fəlakətlə bağlıdır. Fevralın 6-sı Qəhrəmanmaraş vilayətində baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa vilayətlərini də əhatə edib, böyük dağıntılar yaranıb, sonrakı günlərdə minlərlə yeni silkələnmə qeydə alınıb, 48448 nəfər həlak olub.