Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu Azərbaycanın “Siyasi partiyalar haqqında” yeni qanunu barədə beynəlxalq rəydən yazıb.
Qanun barədə rəyi martın 13-də Avropa Şurasının konstitusiya hüququ üzrə məşvərətçi qurumu – Venesiya Komissiyası ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu yayıb. Qeyd olunub ki, qanunda plüralizmə mənfi təsir göstərən müddəalar yer alır: partiya üzvlərinin minimum sayının 1000 nəfərdən 5000 nəfərədək artırılması; qeydiyyatlı partiyaların yenidən qeydiyyatdan keçməsinin zəruriliyi; partiyaların yaradılması və qeydiyyatı üçün uzun müddət və yükləyici prosedur; dövlət qeydiyyatı olmayan partiyanın fəaliyyətinə yasaq; partiyadaxili struktur və əməliyyatların həddən artıq tənzimlənməsi; Ədliyyə Nazirliyinin partiyaların fəaliyyətinə və partiya üzvlərinin reyestrinə həddindən artıq nəzarəti; hüquqi aktlarının ciddi şəkildə pozulması ilə bağlı olmayan hallarda siyasi partiyanın fəaliyyətini dayandırmaq və ya hətta onu ləğv etmək imkanı.
Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, rəydə ADR Partiyasının qeydiyyatından qanunsuz imtina məsələsi də əks olunub: “Qanunun “Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir” hökmü ayrıca qiymətləndirilir, qeyd olunur ki, qeydiyyatdan keçməmiş siyasi partiyalar digər birliklərlə eyni şəkildə fəaliyyətlərini davam etdirə bilməlidir. Qeyd olunur ki, 2011-ci ildə Venesiya Komissiyasının Azərbaycanın siyasi partiya qanunvericiliyinə dair rəyində “siyasi partiya olaraq qeydiyyata alınmamağın heç kimi heç bir zaman siyasi partiyadan məhrum etmək üçün əsas ola bilməyəcəyi” tövsiyəsi yer alıb.
13 mart 2023-cü il rəyində bildirilir ki, yeni qanunda əks olunmuş qadağa üzündən Azərbaycan Demokratiya və Rifah Partiyası özünü ləğv etmək qərarına gəlib: “17 oktyabr 2021-ci ildə yaradılmış bu partiya qeydiyyatdan keçmək istəyib, lakin təqdim olunan sənədlərdəki formal çatışmazlıqları əsas gətirən Ədliyyə Nazirliyi 2021-2022-ci illərdə ADR-in müraciətini dörd dəfə rədd edib. Bu konkret işin işığında yeni tənzimlənmə narahatlıq doğurur və uzun qeydiyyat proseduru, kiçik formal nöqsanlara görə qeydiyyatdan imtina partiyaların siyasi həyatında iştirak hüququnu məhdudlaşdıra bilməz”.
Rəydə “Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir” müddəasının yenidən nəzərdən keçirilməsi tövsiyə olunub.
“Siyasi partiyalar haqqında” yeni qanun 2023-cü il yanvarın 11-də qüvvəyə minib. Dövlət qeydiyyatında olan partiyalara üzvlərinin sayını 5000 min nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir.
Əvvəlki qanunla partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi.
Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.
2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Həmin il noyabrın 11-də, 2022-ci il martın 16-da, iyulun 5-də və avqustun 26-da dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə sənədlər təqdim olunsa da, partiya hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığı vurğulanıb, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb. Ali Məhkəməyə şikayətdə həmin qərarın ləğvi istənib. Amma Ali Məhkəmə noyabrın 22-də təqdim olunmuş həmin şikayətə baxmayıb. Dekabrın 22-də ADR Partiyası yenidən Ədliyyə Nazirliyinə sənədlər təqdim edib.
“Siyasi partiyalar haqqında” yeni qanun dövlət qeydiyyatına alınmayan partiyanın fəaliyyətini yasaqlayır. Yanvarın 12-də ADR sədri Qubad İbadoğlu partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam sərəncamı imzalayıb, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclisin verəcəyini bəyan edib.
Fevralın 20-də ADR Partiyasının yenidən təsis olunacağı xəbəri yayılıb.